Azər Rəşidoğlu
Siyasət 15:41 02.12.2022

Kremlin birbaşa tələbi olmadan Bakı ilə “xəritə savaşı”: Nə baş verir və kim nə istəyir? (TƏHLİL)

Azərbaycan Müdafiə Nazirliyi ilə Rusiya Federasiyasının sülhməramlı kontingenti arasında müşahidə edilən "söz dueli” Bakı və Moskva arasında yaxın gələcəkdə baş verə biləcək "əsəb savaşı”nın xəbərçisidir. Aydın məsələdir ki, rus sülhməramlıları və RF MN Kremlin birbaşa tələbi olmadan Bakı ilə "xəritə savaşı”na başlamazdı. Belə olan təqdirdə, sual yaranır: nə baş verir? Bu suala cavab verə bilməkdən ötrü tərəflərin maraqları və istəklərini aydınlaşdırmaq lazım gəlir. Beləliklə...

Bakı nə istəyir?

Bakının əsas məqsədi Azərbaycanın öz ərazisi olan Naxçıvanla arasında birbaşa əlaqə yaratmağa nail olmaqdır. Bu istək 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişinin tələblərinə uyğundur. Sazişə görə, regionda bütün kommunikasiyalar açılmalıdır. Bakının təklifi ilə Azərbaycandan kənar dəmir yolu xəttinin yaradılması da nəzərdə tutulur. İrəvan isə bu planın reallaşmasına imkan vermir. Ermənistan Putinin imzaladığı sazişə qarşı Kremlin icazəsi olmadan çıxa bilərmi? Ritorik sual olsa da, bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.

İrəvan nə istəyir?

Bakı Zəngəzuru tarixi Azərbaycan ərazisi hesab etdiyini dəfələrlə açıq şəkildə ifadə edib. Nəqliyyat marşrutlarının açılması ilə bağlı dalana dirənən problem isə öz həllini tapmır. Zəngəzur dəhlizi Rusiya üçün də strateji əhəmiyyət daşıyır. Kreml dəhlizə nəzarət etməkdə birbaşa maraqlıdır. Çünki Rusiya bir tərəfdən Qərb-Şərq nəqliyyat kəsişməsini öz nəzarəti altına ala biləcək, digər tərəfdən isə Kreml Türkiyə ilə birbaşa quru əlaqəsini özü üçün təmin edəcək. Lakin Moskva dəhlizə "kənar oyunçuları” buraxmaq istəmir və odur ki, Paşinyan hakimiyyətinə məsələni yubatmağı təklif edir. Əslində, İrəvan Zəngəzur dəhlizinin açılacağını anlayır. Ermənistan əlavə güzəştlər qopara biləcəyinə ümid bəsləyir. Rəsmi İrəvan çalışır ki, Zəngəzur dəhlizi üzərindən mümkün qədər daha çox mövqelərinin toqquşmasına nail ola bilsin. Bu halda, Ermənistanın maraqları ilə bağlı daha əlverişli şərtlərin ön plana keçə biləcəyini ehtimal edir.

Paşinyanın vəziyyəti elə də ürəkaçan deyil. Belə ki, Avropa Polşa-Belarus sərhədindəki miqrasiya böhranını və Rusiyanın Ukrayna ilə perspektivsiz savaşını seyr edərkən, Bakı Türkiyənin dəstəyi ilə uğurlu diplomatik gedişlər edə bilir. Bu amil Paşinyana daxili siyasi təzyiqi artırır. İrəvan nə Rusiyadan qopa bilir, nə də ki Qərbin bir hissəsinə çevrilə. İrəvan yenə də işarəni şimaldan gözləyir.
 


Kəlbəcər niyə hədəf seçilir?

Ermənilərin son günlər Kəlbəcər istiqamətində atəşkəsi pozması adi hala çevrilib. Kəlbəcər niyə hədəf seçilir? Məsələ ondadır ki, "Azərenerji" ASC Kəlbəcər rayonunda 11 ədəd su elektrik stanasiyasının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlayıb və növbəti ildə bunların bir qisminin yenidən qurulmasını həyata keçirəcək. Kəlbəcər Qarabağın elektrik enerjisi ilə təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Digər tərfdən, ermənilər  Kəlbəcər-Vardenes yolunun açılmasını istəyirlər. Bakı isə buna imkan verməyəcəyini bildirir.

"Gəncə keçidi” və Qərbin maraqlarına zərbə

Qarabağ savaşı tarixi ərzində ermənilərin əsas hədəfi Gəncə olub. Gəncənin Azərbaycanın geosiyasi coğrafiyasında müstəsna yeri var. Asiya və Avropa arasında enerji və ticarət üçün üç yol var: İran, Rusiya və Azərbaycan. Moskva və Tehranla gərginliyə görə yüz milyard dollarlıq ticarətdən ötrü Qərbə yalnız bir həyat qabiliyyətli marşrut qalır - Azərbaycan! Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəyə uzanan keçid tarix boyu İran, Rusiya və Ermənistanın hədəfində olub. Rusiya Ermənistanın əli ilə Dağlıq Qarabağ münaqişəsini diriltmək və "Gəncə keçidi”ni nəzarətə götürmək üçün erməniləri yeni savaşa sövq edir. 

Avropanın Rusiya neft və qazından asılılığı azaldıqca, Vaşinqton güclənir. Avropanın enerji təchizatı üçün Moskvadan asılılığını artıracaq, Almaniyanın təklif etdiyi "Şimal Axını-2" qaz kəməri gerçək olmağa yaxınlaşdığı bir dövrdə bu məsələ xeyli aktualdır.

Rusiyanın enerji istifadəsindən təcavüz vasitəsi kimi istifadə etmək təcrübəsi var və Avropanın Azərbaycan, Qazaxıstan və ya Türkmənistandan ala biləcəyi hər bir barel neft və kubmetr qaz onun Rusiyadan asılılığını azaldır. Hazırda regionda Rusiya və İrandan yan keçən və "Gəncə keçidi”ndən uzanan üç böyük neft və qaz boru kəməri var - Bakıdan Gürcüstana və Türkiyəyə, Aralıq dənizi vasitəsilə xarici dünyaya çıxışı olan Bakı-Tiflis-Ceyhan boru kəməri,  Xəzər dənizindən Qara dənizə, sonra isə dünyaya neft çatdıran Bakı-Supsa boru kəməri, Cənubi Qafqaz boru kəməri - Azərbaycandan Türkiyəyə keçən və yaxın zamanda təklif olunan Cənub Qaz Dəhlizi ilə İtaliya, sonra isə Avropaya qaz tədarük edəcək nəql marşrutu. Avropanın ən uzun, Atlantik sahillərindən Çin sərhədində yerləşən İrkeştamı (Qırğızıstan) birləşdirən B606 avtomobil yolu, Avropa-Cənubi Qafqaz-Bakı-Tiflis-Qars dəmir yolu xətti də Gəncə şəhərindən keçir. Gəncəyə hücum Qərbin bütün layihələrinə təhdid kimi dəyərləndirilməlidir və burada söhbət Paşinyandan deyil, senarinin əsas müəllifi olan Putindən gedir.
 
Kremlin Qafqaz planı

Rusiyanın Cənubi Qafqaza təsir yollarından biri Dağlıq Qarabağ münaqişənin yenidən alovlandırılmasıdır. Unutmaq olmaz ki, bu gün rus sülhməramlıların yerləşdiyi ərazilər "Gəncə keçidi”nə yaxındır. Moskva yeni savaşla bu keçidin mövcudluğunu təhdid edə biləcəyini düşünür. Rusiyanın Ermənistana təsirini nəzərə alaraq, yeni döyüşləri başlamaq çox vaxt aparmaya bilər. Bakı bunu anlayır və əslində, "xəritə savaşı” ilə Kremlə mesaj verir – "planlarınızdan xəbərdarıq”.

Paşinyanın Avropya inteqrasiya cəhdlərinə baxmayaraq, Qərbin Ermənistana təsiri hələ də məhduddur. Ermənistan iqtisadiyyatı və təhlükəsizlik sistemi Rusiyanın çətiri altındadır. Paşinyan populist ifadələrinə baxmayaraq, İrəvanın Moskva ilə güclü ittifaq öhdəliyini təsdiqləyir. Rusiya Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş hər iki tərəfə silah satsa da, Moskvanın rəğbəti Ermənistanadır. Beləliklə, Ermənistanın Qərbə doğru əsaslı dəyişiklik etməsi barədə deyilənlər xeyli şişirdilib. Moskvanın İrəvanla əlaqələri gücləndikcə, Birləşmiş Ştatlar və Avropa Avrasiya məkanında Şərq və Qərb arasında mühüm ticarət, enerji və iqtisadi əlaqələrində Bakı ilə münasibətlərə üstünlük verməlidir.

Azərbaycan həm Rusiya, həm də İranla sərhədi olan ölkədir. Ölkənin suverenliyini qorumağa çalışarkən, Tehran, Moskva və Vaşinqton arasında balansın saxlanması Azərbaycan üçün çətin bir vəzifədir. Bakı bu balansı qoruya bilir. Lakin Tehran və Moskvanın demarşları balans siyasətinə də zərbə vurur. Bu baxımdan, Azərbaycan xarici siyasət kursunda dəyişiklik edə biləcəyinə də işarə edir.
 


Boru kəmərləri savaşı

ABŞ Xəzəryanı və Mərkəzi Asiya ölkələrindən alternativ neft və qaz kəmərləri layihələrinə dəstək verir. Bakı-Tiflis-Ceyhan neft kəmərinin və Bakı-Tiflis-Ərzurum qaz kəmərinin inşası Azərbaycan, Gürcüstan və Türkiyə arasında infrastruktur layihələrdə fəal əməkdaşlığa təkan verməklə, iqtisadi inkişaf üçün güclü zəmin yaradıb. Bu proses, eyni zamanda, enerji ehtiyatlarının Avropaya nəqli  və "Nabukko” layihəsinin inkişafı üçün zəruri imkanların formalaşmasını təmin edib. Bakı-Tiflis-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması, Türkmənistan və Azərbaycan qazının Gürcüstan və Türkiyə ərazisi vasitəsilə nəqli üçün "Nabukko” kəmərinin inşası haqqında sazişin imzalanması Avropaya enerji ehtiyatlarının əsas ixracatçısı kimi Rusiyanın inhisarçı mövqeyini dəyişdi. Bəzi ekspertlər qeyd edirlər ki, Rusiya onun ərazisindən yan keçən boru kəmərlərinin inşasını özünün geosiyasi iddialarına "meydan oxuma” kimi qiymətləndirir. Hələ 2009-cu ildə bir çox müşahidəçilər Gürcüstan böhranı ilə Ukrayna-Rusiya qaz mübahisəsi arasında paralellər aparırdı. Qeyd olunurdu ki, son məqsəd Ukrayna və Gürcüstanın Avropaya və Avro-Atlantik məkanına inteqrasiyasına yol verməməkdən ibarətdir. Kremlin addımları, ilk növbədə, Avropa Birliyinə regionda kimin söz sahibi olduğunu nümayiş etdirmək məqsədi güdürdü. ABŞ isə bölgədə nə Avropa Birliyinin, nə də Rusiyanın rolunun güclənməsində maraqlı idi.
 


Gürcüstan senarisi Qarabağda təkrarlana bilərmi?

Bəzi araşdırmaçılar son günlər Qarabağda baş verənləri 2008-ci ilin avqustunda Gürcüstanda baş verənlərlə eyniləşdirirlər. Məhz həmin dövrdə Rusiya sülhməramlıları "separatçılara təsir imkanımız artıq yoxdur” bəyanatını verdi. Rəsmi Tiflisin tələblərinə baxmayaraq, Rusiya sülhməramlıları separatçıların silahlanmasına və revanşına şərait yaratdı.

2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi Qərbi olduqca çətin vəziyyətə saldı. Qərb dövlətləri sürətli və qəti qərar qəbul edərək Rusiya rəhbərliyinin hərəkətlərinə adekvat cavab verə bilmədilər. 2008-ci ilin sentyabrında Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. Cənubi Qafqazın separatçı bölgələri "Kosovo presedenti”ndən ruhlanaraq, onların müstəqilliyinin tanınmasında təkid edirdilər.

Rusiya-Gürcüstan münaqişəsinin kəskinləşməsində Ukrayna və Gürcüstana NATO-nun tərəfdaşı statusunun verilməsinə dair danışıqlar da öz təsirini göstərdi. Rusiyanın diplomatik səyləri nəticəsində Alyansın 2008-ci il aprelin 2-4-də Buxarestdə keçirilən sammitində Ukrayna və Gürcüstana NATO-nun tərəfdaşı statusunun verilməsindən imtina olundu.      

Hələ 2008-ci il martın 6-da Rusiya MDB-nin Abxaziya və Cənubi Osetiyaya qarşı iqtisadi sanksiyalar haqqında qərarına əhəmiyyət verməyərək, bu separatçı bölgələrlə əməkdaşlığın dərinləşdirilıməsi xəttini seçdi. 2008-ci ilin mayından etibarən RF Şimali Qafqazda, o cümlədən Gürcüstanla sərhəddə "Qafqaz-2008” hərbi təlimlərinə və Qara dənizdə hərbi-dəniz manevrlərinə başladı. Cənubi Osetiyanın seçilməsi təsadüfi deyildi. 2008-ci ilə qədər Abxaziyada vəziyyət daha gərgin idi. Lakin 2007-ci ildə Abxaziya yaxınlığında yerləşən Soçidə (Rusiya) 2014-cü il Qış Olimpiya Oyunlarının keçirilməsi haqqında qərar qəbul edildikdən sonra regionda vəziyyətin pisləşməsi təhlükəsizlik mülahizələrinə görə oyunların keçirilməsindən imtina olunmasına səbəb ola bilərdi. Cənubi Osetiyada vəziyyəti gərginləşdirməklə RF tərkibindəki Şimali Osetiyanın da dəstəyini təmin etmək məqsədi güdülürdü.

2008-ci ilin martında Gürcüstan prezidenti M.Saakaşvili Abxaziya münaqişəsinin nizamlanmasına dair yeni sülh planı təklif etdi. Plan Abxaziyaya geniş muxtariyyətin verilməsini və azad iqtisadi zonanın yaradılmasını, habelə Konstitusiya dəyişikliklərinə veto qoyulmasını nəzərdə tuturdu. Lakin Suxumi bu planı qəbul etmədi. 2008-ci ilin iyulunda Cənubi Osetiya rəhbərliyi Almaniya xarici işlər naziri F.Ştaynmayerin danışıqlar prosesində beynəlxalq vasitəçilərin iştirakının genişləndirilməsi haqqında təklifindən imtina etdi. Faktiki olaraq, söhbət danışıqların əngəllənməsindən və Gürcüstan ərazisindəki "dondurulmuş” münaqişələrin nizamlanması yollarının axtarışından gedirdi. 2008-ci ilin iyulunda Rusiyanın başladığı irimiqyaslı  "Qafqaz-2008” hərbi təlimləri rəsmən avqustun 2-də başa çatdı. Lakin qoşunlar daimi dislokasiya yerlərinə qaytarılmadı, Şimali Osetiyada qaldı. Gürcüstan və Cənubi Osetiya sərhədində atışma baş verdikdə prezident M.Saakaşvili Cənubi Osetiyaya qoşun yeritməyi qərara aldı. Avqustun 8-də Rusiya vətəndaşlarının müdafiəsi bəhanəsi altında qoşunlarını Cənubi Osetiya ərazisinə yeritdi. Bir neçə gündən sonra Rusiya qoşunları Abxaziyaya daxil oldu. Rus qoşunları Tiflisin yaxınlığına doğru gəldilər. Qərbə ümid bəsləyən Saakaşvili təkləndi və Kreml ilə üz-üzə qaldı.

Bir həftəlik hərbi əməliyyatlardan sonra Avropa Birliyinin vasitəçiliyi nəticəsində imzalanan "6 bənd sazişi” aşağıdakıları nəzərdə tuturdu: döyüş əməliyyatlarının dayandırılması, Gürcüstan ərazisində avropalı müşahidəçilərin və hər iki separatçı bölgənin ərazisində RF hərbi bazalarının yerləşdirilməsi. Müstəqilliyini bəyan edən Cənubi Osetiya və Abxaziya 2008-ci il avqustun 26-da Rusiya tərəfindən tanındı.  

2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsinin səbəblərinə dair bir neçə versiya irəli sürülür. Bəzi təhlilçilər regional münaqişələrlə enerji təhlükəsizliyi məsələlərinin qarşılıqlı əlaqəsini xüsusi qeyd edirlər. Bəzi ekspertlər isə hesab edir ki, Rusiya-Gürcüstan müharibəsi və Rusiya-Ukrayna savaşı bir-biri ilə qarşılıqlı surətdə əlaqəlidir. Moskvanın məqsədi  Gürcüstanın, sonradan isə Ukraynanın NATO-ya üzv olmasına imkan verməmək, Rusiyadan yan keçməklə enerji ehtiyatlarının Avropaya nəqli layihələrinin həyata keçirilməsini əngəlləməkdir.

Rusiya-Gürcüstan qarşıdurmasının regionda energetika sahəsində vəziyyətə təsiri problemi Xəzər regionundan enerji ehtiyatlarının Gürcüstan ərazisi vasitəsilə nəqli müstəvisində nəzərdən keçirilməlidir. Bu baxımdan, Bakının Qərblə enerji sahəsindəki əməkdaşlığı da Rusiyanı qıcıqlandırır.
 


NATO-ya qarşı plan

İstər Ukrayna savaşı, istərsə də Qarabağda separatçıların revanş cəhdləri Rusiyanın NATO-nun şərqə doğru genişlənməsinə yol verməmək və postsovet məkanında təsirini qoruyub saxlamaq istəyindən irəli gəlir. Digər tərəfdən, Xəzər regionundan neft və qaz tranziti ölkəsi kimi Gürcüstanın rolunu zəiflətmək və enerji ehtiyatlarının nəqlinin  alternativ marşrutlarının yaradılmasını əngəlləmək cəhdi müşahidə edilir. Bu yolla Rusiya Avropaya və enerji ehtiyatları axınına təkbaşına nəzarət etməyə can atır. Tezliklə Şimali Atlantika alyansına daxil olmaq istəyən Gürcüstanın beynəlxalq birliyin, ilk növbədə, NATO və AB-nin diqqətini nizamlanmamış münaqişələrə və Rusiyanın qeyri-adekvat davranışına cəlb etmək istəyi kimi də şərh edilə bilər.

Bütövlükdə region üçün bu risklər - Qarabağda vəziyyətin kəskinləşməsi, boru kəmərlərinin təhlükəsizliyinə təhdidlərin yaranması, Xəzər dənizi hövzəsindən enerji ehtiyatlarının dayandırılması ilə başa çata bilər. Odur ki, "xəritə savaşı” əslində olduqca böyük miqyaslı savaşın qarşısını almaq üçün həyata keçirilir və Bakı vəziyyətin ciddiliyini bu yolla nümayiş etdirir.

Rusiya Qarabağa hansı yükləri daşıyır?

Sülhməramlılar Qarabağa ermənilərlə yanaşı, hərbi texnika və humanitar yardım adı altında yük daşıyırlar. Kreml Qarabağa yeni hərbi qüvvə yerləşdirməyi planlaşdırır. Bunun üçün hazırlıq işləri də artıq görülür. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bir qədər əvvəl prezident Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirmişdi. Nazir qeyd edib ki, daha 32 modul şəhərciyin salınmasını nəzərdə tutublar. Bu isə rusiyalı hərbçilərin sayının 5 dəfə artırılacağı deməkdir. Xatırladaq ki, bəyanata əsasən, Rusiya kontingenti 1960 hərbi qulluqçudan, 90 BTR və 380 ədəd avtomobil və digər xüsusi texnikadan ibarət olmalıdır. Ancaq Rusiyanın bölgəyə pilotsuz uçuş aparatı belə yerləşdirdiyinə dair məlumatlar da yayılıb. Bu gün bölgə məlum və naməlum silahlılarla doldurulur. Hər halda silahlılar ora yeni il şənliyini qeyd etməyə gəlməyiblər və Putin də Şaxta babaya bənzəmir...

Azər Rəşidoğlu