Siyasət 11:15 01.08.2022

KXCP də Etibar Məmmədovla əməkdaşlıqdan imtina etdi

"Bu gün ölkədə siyasi durğunluq olduğundan hər hansı koalisiyanin yaranması inandırıcı görünmür”.
 
Bunu Qaynarinfo-ya Klassik Xalq Cəbhəsi Partiyasının sədrinin sabiq müavini Xəzər Teyyublu deyib. Onun fikirincə, siyasi partiyaların hansı adla və yaxud məqsəddə birləşməsi üçün siyasi zəmin mövcud deyil:
 
"Hədəfdə konkret istiqamət olmalıdır. Bu yoxdur. Düşünürəm ki, siyasi partiyaların hər hansı birliyi yalnız seçki ilə əlaqədar ola bilər. Ölkədə seçki mühiti də yoxdur”. 

Xəzər Teyyublu bildirib ki, ölkədə insan haqları və demokratiya uğrunda siyasi koalisiya yaranarsa, bu, siyasi cəhətdən sönmüş ictimai mühüti aktivləşdirə bilərdi”. 

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun uzun fasilədən sonra aktiv siyasətə  qayıtması ilə bağlı məlumatlar yayılıb. Məlumata əsasən Etibar Məmmədov koalisiya yaradır. İttifaqa AMİP lideri Etibar Məmmədov rəhbərlik edəcək. Yeni siyasi blokda ADP sədri Sərdar Cəlaloğlunun, KXCP sədri Mirmahmud Mirəlioğlunun, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin, Ümid lideri İqbal Ağazadənin, Ağ Partiyanın sədri Tural Abbaslının, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov və digərlərinin yer alacağını bildirib.

Qaynarinfo olaraq apardığımız sorğu nəticəsində Ümid lideri İqbal Ağazadə, Ağ Partiyanın sədri Tural Abbaslı, Haqq və Ədalət Partiyasının Ali Məclis sədri Zəlimxan Məmmədli belə bir koalisiyanın müzakirə mövzusu olmadığını deyib. Ümid sədri İqbal Ağazadə Etibar Məmmədovun şəxsinə hörməti olduğunu desə də, onun siyas erada bitdiyini vurğulayıb: "Etibar Məmmədov Azərbaycanın bir tarixidir. Yeni dövrdür. Bu dövrdə Etibar Məmmədov nə gəzir? Yeni dövrdə Etibar Məmmədov artıq partiyanın sədrliyindən də gedib”. 

Bahar Rüstəmli