Siyasət 12:07 19.01.2024

Lavrov bu sözləri Azərbaycanı çox sevdiyindən deyib? (ŞƏRH)

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi illik mətbuat konfransında Zəngəzur dəhlizinə toxunaraq bildirib ki, Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşrutun bərpasına alternativ yoxdur. Ardınca, Lavrov bu marşrutun açılmasına nəyin mane olduğunu bilmədiyini söyləyib.

"Son günlər Azərbaycan və Ermənistan liderləri öz ictimai çıxışlarında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunması məsələsinə toxunublar. Ermənistan Baş naziri Paşinyan çıxışında Zəngəzur dəhlizinin qətiyyətlə əleyhinə olduğunu bəyan edib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunub ki, regionda bütün kommunikasiyalar açılır və Ermənistan tərəfi Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın açılması öhdəliyini öz üzərinə götürüb və razılaşmaya görə, həmin kommunikasiyanın təhlükəsizliyini Rusiya FTX-nin sərhəd qoşunları təmin etməlidir", deyə Lavrov qeyd edib.

Rusiya XİN rəhbərinin açıqlaması onu göstərir ki, Moskva Zəngəzura alternativ olan və Azərbaycanın birinci açılmayacağı təqdirdə, İran marşurutundan istifadəyə üstünlük verəcəyi barədə bəyanatlarını özü üçün qəbuledilməz hesab edir. Bu mənada Rusiyanın məsələyə belə bir reaksiya sərgiləyəcəyi əslində gözlənilən idi. Moskva burada sırf öz maraqları kontekstindən çıxış edib. Belə ki, Zəngəzurdan keçəcək yolun təhlükəsizliyini 10 noyabr razılaşmasına əsasən, Rusiya FTX-nin sərhəd qoşunları qorumalıdır. Yəni bu kommunikasiya xəttində yola nəzarəti razılaşmaya əsasən Rusiya həyata keçirməlidir. Onun baş verməsi isə Kremlin regionda daha da möhkəmlənməsi anlamına gəlir. Amma İrandan keçəcək alternativ yol məsələsində isə Rusiya kənarda qalır. Məhz buna görədir ki, Lavrov Zəngəzura alternativin olmadığını bəyan edib. Bununla da dolayı yolla bəyan edir ki, İran marşurutunun əleyhinə olmaqla yanaşı, onun reallaşmasına imkan verməməyə çalışacaqlar.   

Rusiya XİN başçısı Paşinyanın Azərbaycandan Naxçıvana İranın təqdim etdiyi şərtlərlə marşrut təqdim etməyə razı olması ilə bağlı bəyanatına da münasibət bildirib. Qeyd edib ki, bu iki marşrutu müqayisə etmək məntiqsizdir. 

Sözsüz ki, bu açıqlaması ilə Rusiya XİN-in şefi Azərbaycanın mövqeyinə yaxın fikir səsləndirib. Belə ki, rəsmi Bakı da İranın təqdim etdiyi marşurutda nəzərdə tutulan şərftlərin anoloji olaraq məğlub Ermənistana da şamil edilməsinin məntiqsiz olduğunu bir neçə dəfə bəyan edib. Amma aydındır ki, Lavrov bu fikrini heç də Azərbaycanı istədiyindən, onu dəstəkləmək baxımından deməyib. Əksinə, o, bu açıqlamanı da məhz Rusiyanın maraqları baxımından şərh edib. Belə ki, Zəngəzur və İran marşurutlarının müqayisə edilməsi fonunda Rusiyanın birinci yolun təhlükəsizliyinə nəzarət etməsi məsələsi də avtomatik olaraq öz əhəmiyyətini itirə bilər. 

Lavrov Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı əlaqələndirəcək dəhlizin açılmasın maneə olmaqda növbəti dəfə Ermənistanın qərbli dostlarını ittiham edib. 

Bu isə o deməkdir ki, dəhlizin açılmasına əngəl olan qüvvə məhz Rusiya amilinə görə Qərbdir və Moskva indiki durumda həmin maneəni aradan qaldırmaqda acizdir. 

Rüfət Sultan