Foto 18:56 27.10.2022

Lənkəranda sahibkarla görüş keçirildi (FOTOLAR)

"Ölkə başçısının müvafiq göstərişinə əsasən sahibkarlığın inkişafına dəstək məqsədilə yerlərdə sahibkarlıq subyektləri ilə görüş keçirərək qaz təsərrüfatı ilə bağlı üzləşdikləri çətinliklərin həllində onlara yardımçı oluruq. Bu gün də "Səyyar qəbul otağı" Lənkəran sahibkarlarının ixtiyarındadır. Sizi dinləmək üçün burdayıq".

Qaynarinfo xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İB-nin baş direktorunun müavini Rəşad Cavadov Lənkəran rayonunda baş tutan "Açıq mikrofon" aksiyasında bildirib. 

Aqroturizm fəaliyyəti ilə məşğul olan sahibkar Rəftarə Şükürova əhali abonenti kimi qeydiyyatda olan qaz sayğacının qeyri-əhali istehlakçı qrupunda qeydiyyata alınması üçün müraciət edib. 

Digər sahibkarlıq subyekti Fərahim Əhmədov istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılmasını xahiş edib. 

Sahibkar Ceyhun Kazımov isə çörək sexinin qazlaşdırılmasında köməklik edilməsi ilə bağlı çıxış edib. 

Digər çıxış edən sahibkarlar Şövqü Tahirov və Zaur Nağıyev göstərilən diqqətə görə SOCAR rəhbərliyinə təşəkkür ediblər. Ünvanlanan suallar Birliyin rəhbər şəxsləri tərəfindən cavablandırılıb, bəzi müraciətlərin qısa müddət ərzində icrasına dair tapşırıq verilib.

Məlumat üçün bildirək ki, görüşdə Birliyin rəhbər şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, habelə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin məsul şəxsləri də iştirak ediblər.