Xəbər lenti

Dünya 17:27 05.01.2024

Lukaşenko hakimiyyətinin sonu çatır: Yeni qanun niyə imzalanıb? (ŞƏRH)

"Lukaşenko anlayır ki, siyasi hakimiyyətinin son dönəmini yaşayır. Növbəti seçkilərdə onun namizədliyi olmayacaq".

Bunu Qaynarinfo-ya açıqlmasında bunu politoloq Natiq Miri Belarus prezidenti Aleksandr Lukaşenkonun təsdiqlədiyi özünün və ailə üzvlərinin toxunulmazlığını təmin edən "Prezident haqqında" qanuna edilən dəyişiklikləri şərh edərkən deyib.

Politoloq bildirib ki, Lukaşenko özünün təhlükəsizliyi üçün hüquqi zəmanətlər yaradır, çünki gələcək perspektivdə onun barəsində cinayət işi açıla biləcəyini anlayır:



"O, özü üçün hüquqi baxımdan təhlükəsizlik çətiri yaratmaq niyyətindədir. Lukaşenko onu da anlayır ki, Rusiya - Ukrayna müharibəsi yaxın zamanda bitməyəcək. Çünki Rusiya prezidentinin iddiası böyükdür. Bu xüsusda Qərbin Rusiyaya qarşı mübarizədə məğlub olmaq istəməməsi də müharibənin uzun müddət davam edəcəyi anlamına gəlir. Yəni bu məsələdə də qeyri-müəyyənlik var".

Natiq Miri hesab edir ki, Lukaşenko özünün gələcək hüquqi siyasi nəticələrilə bağlı bəzi reallıqları artıq anlamağa başlayıb. Ekspert qeyd edib ki, Belarus prezidenti bu addımı atmaqla gələcək perspektivdə hakimiyyətin güc yolu, xalqın etirazları fonunda devrilə biləcəyi ehtimalını da göz qarşısına alır:

"Əks təqdirdə, Belarusda normal seçkilər keçirməklə hakimiyyəti qarşıdurmasız təhvil vermək istəyən birisinin bu cür problemlər barədə düşünməyə ehtiyacı qalmazdı".

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko özünün və ailə üzvlərinin toxunulmazlığını təmin edən dəyişiklikləri təsdiqləyib. "Prezident haqqında" yeni qanuna əsasən, keçmiş prezident səlahiyyətlərinin həyata keçirdiyi dövrdəki hərəkətlərinə görə məsuliyyət daşıya bilməz, onun tutulması, həbs edilməsi və ya istintaqa cəlb edilməsi qadağandır. Toxunulmazlıq onların mənzil, nəqliyyat, rabitə, arxiv və digər əmlakına, o cümlədən yazışmalarına da şamil edilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->