Dünya 16:24 11.06.2022

Maduro Türkiyədan sonra İrana gəldi, 20 illik müqavilə imzalandı

Dünən Venesuela prezidenti Nikolas Maduro Tehrana səfər edib. Onu Mehrabad hava limanında İranın müdafiə naziri, general Məhəmməd Rza Aştiyni qarşılayıb. Daha sonra isə Səhdabad sarayında İran prezidenti İbrahim Rəisinin iştirakı ilə qarşılanma mərasimi keçirilib.

Qaynarinfo bu barədə "Təsnim" agentliyinə istinadən xəbər verir.

Prezident İbrahim Rəisi bu gün Venesuela prezidenti Nikolas Maduro ilə mətbuat konfransı keçirib. "İran İslam Respublikasının xarici siyasəti həmişə müstəqil ölkələrlə əlaqələrə maraqlı olub və Venesuela düşmən təhdidləri qarşısında möhkəmlik nümayiş etdirib. Sanksiyalar və "imperializmə” görə İranla Venesuela arasında əlaqələri müxtəlif sahələrdə genişlədmək müştərək istəkdir", deyə Rəisi bildirib.

Dövlət başçısı bildirib ki, iki ölkə arasında 20 illik strateji əməkdaşlıq müqaviləsinin imzalanması iki dövlətin yüksək vəzifəli şəxslərinin müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək iradəsinin təzahürüdür: "Bu sənəddə qeyd olan enerji, istilik elektrik stansiyaları, neftayırma zavodlarının təmiri və əsaslı təmiri, texniki və mühəndislik xidmətlərinin ixracı, iqtisadi, müdafiə və hərbi əlaqələr sahəsində əməkdaşlıq iki ölkədə çoxlu sahə və imkanların olduğunu göstərir".

Maduro isə çıxışında bunları deyib: "Biz bu gün dərin müzakirələr apardıq və 2022-ci ildə əlaqələri möhkəmləndirərək, iki ölkə arasında əlaqələri inkişaf etdirmək qərarına gəldik və 20 illik sənəd vasitəsilə aydın bir baxış yarada bildik. Mən prezident Rəisiyə məlumat verdim ki, 2017-ci ildən 2022-ci ilə qədər ölkəmizdə çətin günlər yaşadıq və təzyiqlərə dözdük, lakin əzm və müqavimətlə vəziyyəti günü-gündən yaxşılaşdırdıq. Biz İranın tarixi təcrübəsindən istifadə edəcəyik və texnologiyanın inkişafına diqqət ayıracağıq".

Qeyd edək ki, hər iki ölkə uzun illərdir ABŞ-ın ciddi sanksiyaları altındadır və sanksiyaların neytrallaşdırılması, xüsusilə neft və enerji sahəsində ötən illər ərzində birgə səylər göstəriblər.

Qeyd edək ki, Maduro bundan əvvəl Türkiyəyə səfər edib.

M.Arif