Dünya 11:41 15.08.2023

Mahaçqalada YDM partladı: Ölənlərin sayı 35-ə çatdı, matəm elan olundu (YENİLƏNİB)

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alanların sayı 100-ü keçib. Yaralıların içində azyaşlılar da var.

Artıq partlayışla əlaqədar matəm elan olunub. Bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov fərman imzalayıb. Fərmana əsasən, bu gün Dağıstanda matəm elan edilib.

Həmçinin Mahaçqala şəhərinin Kumtorkalinski rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Regionun rəhbəri Sergey Melikov bildirib ki, yanacaqdoldurma məntəqəsində baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahın iclasını keçirib.
 
08.43

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 27 nəfər ölüb, 75 nəfər isə yaralanıb.

Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi partlayışla bağlı cinayət işi başlandığını açıqlayıb.

İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə başlanılıb.