Dünya 14:52 18.11.2022

MAQATE Rusiyanı qoşunlarını Zaporojye AES-dən çıxarmağa çağırdı

İdarəedici qurumlar şurası Rusiyanı Ukraynanın nüvə obyektlərində "bütün fəaliyyətləri dayandırmağa" və hərbçiləri Zaporojye AES-dən çıxarmağa çağırıb. Rusiya sənədi qeyri-peşəkar adlandırıb. 

MAQATE ekspertləri təsdiqləyiblər ki, Ukraynanın nüvə müəssisələrində aparılan yoxlamadan sonra orada Rusiya tərəfinin daha əvvəl iddia etdiyi "çirkli bomba” istehsalına dair heç bir iz aşkar etməyiblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə idarəedici qurumlar şurasının noyabrın 17-də qəbul etdiyi qətnaməsində deyilir.

Həmin qətnamədə, həmçinin Rusiya öz ordusunu Zaporojye AES-dən çıxarmağa və digər nüvə obyektlərində "bütün fəaliyyətləri dərhal dayandırmağa” çağırır.

MAQATE-nin İdarəedici Şurası bildirib ki, Rusiya ZAES-dən "hərbi və digər heyətini çıxarmalıdır” ki, Ukrayna tərəfi onun təhlükəsiz fəaliyyətini təmin etmək üçün ona nəzarəti bərpa edə bilsin.

Sənəddə ZAES-nin "Ukrayna xidmət personalına təzyiq”, eləcə də "bitişik ərazinin atəşə tutulması nəticəsində xarici enerji təchizatının dəfələrlə kəsilməsi” ilə bağlı narahatlıq ifadə edilir.

Sənədə əsasən, agentlik Ukraynada "bəyan edilməmiş nüvə fəaliyyəti və ya radioloji dispers cihazların yaradılmasına yönəlmiş materiallar” əlamətləri aşkar etməyib. Bundan əvvəl Ukrayna hakimiyyətinin dəvəti ilə təşkilatın müfəttişləri üç obyektə - Kiyevdəki Nüvə Tədqiqatları İnstitutu, Joltı Vodıdakı "Vostoçnı” mədən və emalı zavodu və Dneprovski maşınqayırma zavodu istehsalat birliyinə maneəsiz giriş əldə ediblər. Hələ noyabrın əvvəlində MAQATE-nin rəhbəri Rafael Qrossi bildirmişdi ki, orada heç bir elan olunmamış nüvə fəaliyyətindən əsər-əlamət yoxdur.

MAQATE-nin İdarəedici Şurasına 35 ölkə daxildir. "Reuters”in məlumatına görə, Rusiya və Çin qətnamənin əleyhinə səs verib, Keniya, Namibiya, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Vyetnam bitərəf qalıb. Burundi və Liviya səsvermədə iştirak etməyib.

Rusiyanın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyi bu sənədi "qeyri-peşəkar tərtib edilmiş” və MAQATE-nin mandatından kənara çıxan və "faktiki səhvlər ehtiva edən” adlandırıb.

Nizami Bağırov