Foto 12:35 05.10.2023

Maraqlı təşəbbüs: Dünya tibbindən maraqlı kitablar Bakıda nəşr olunacaq

Azərbaycanda tibbi maarifləndirmə sahəsində yeni layihə həyata keçiriləcək. Bununla əlaqədar "Qədim Qala” Nəşriyyat ilə "Yeni Klinika”nın direktoru, doktor Barat Yusubov arasında müqavilə imzalanıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, B.Yusubovun şəxsi təşəbbüsü ilə həyata keçiriləcək layihənin məqsədi tibb sahəsində dünyaca məhşur əsərlərin Azərbaycan dilinə tərcümə edilməsi və onların ölkədə yayılması ilə bağlıdır.

İlk mərhələdə amerikalı həkim və alim Tinsli Rendolf Harrisonun "Harrisonun daxili xəstəliklər toplusu” ("Harrison's Principles of Internal Medicine”) kitabı nəşr ediləcək. Adıçəkilən kitab dünyanın ən etibarlı klinik tibbi vəsaitləri arasında ön sıralardadır və indiyədək 16 dilə tərcümə edilib.

İlk dəfə 1950-ci ildə iki cilddə çap olunan əsərin yenilənmiş 21-ci nəşri 2022-ci ildə işıq özü görüb. Əsər uzun müddətdir dünyanın bir sıra aparıcı universitetlərində dərslik kimi istifadə edilir və tibb işçilərinin masaüstü vəsaitinə çevrilib. Azərbaycan dilinə tərcümə ediləcək 21-ci nəşr oxucuları tibb sahəsindəki ən son yeniliklər və nailiyyətlərlə tanış edəcək.

Təqribən dörd milyon sözdən ibarət olan əsər həkimlərdən və uyğun mütəxəssislərdən ibarət geniş elmi heyət tərəfindən tərcümə olunacaq. Nəşrdən sonra isə tibb sahəsində təhsil alan tələbələrin istifadəsinə veriləcək.

Barat Yusubovun şəxsi təşəbbüsü və maddi dəstəyi hesabına reallaşacaq bu layihə heç bir kommersiya məqsədi olmadan, sırf Azərbaycan səhiyyəsinə xidmət məqsədi ilə həyata keçiriləcək.

Xatırladaq ki, 2018-ci ildə Nefroloqlar Cəmiyyətinin, 2022-ci ildə isə Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təsis olunması da Barat Yusubovun adı ilə bağlıdır.

T.R.Harrisonun "Harrisonun daxili xəstəliklər toplusu” əsərinin və digər tibbi vəsaitlərin ana dilimizə tərcümə və nəşrinin Azərbaycan dilində olan tibbi ədəbiyyata və ölkəmizdə tibb elminin inkişafına ciddi töhfə verəcəyi gözlənilir.