Dünya 10:55 17.03.2024

Meksikada narko-kartel 30-a yaxın Gürcüstan vətəndaşını girov götürüb

Meksikada narkotik kartelinin silahlıları 30-a yaxın Gürcüstan vətəndaşını girov götürüblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari Arxi" telekanalı məlumat yayıb.

Girovlardan biri ailəsinə bir neçə telefon mesajı göndərə bilib. Onun sözlərinə görə, Gürcüstan vətəndaşları hansısa yerli narkotik kartelinin üzvləri tərəfindən girov götürülüb. 30-a yaxın girov var, indi onların hamısı zirzəmidə saxlanılır. Quldurlar onlar üçün 90 min dollar tələb edirlər. Həmin şəxsin sözlərinə görə, silahlılar özlərini son dərəcə aqressiv aparır, əsirləri döyür, bıçaq və odlu silahla hədələyirlər.

Əldə olan məlumata görə, girovlar arasında qadınlar da var. Girov götürülənlər arasında uşaqların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Qeyd edilir ki, Gürcüstan vətəndaşları qeyri-qanuni miqrant kimi Meksikaya üz tutub. Onlar ABŞ-a köçmək üçün ölkəyə daxil olublar. 

Gürcüstanın Meksikadakı səfirliyi yerli miqrasiya xidməti ilə ABŞ-Meksika sərhədində narkotik karteli tərəfindən oğurlanan 30 Gürcüstan vətəndaşının harada olduğunu yoxlayır. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

"Səfirlik əlavə məlumat əldə etmək və vətəndaşların mümkün olduğu yerləri müəyyən etmək üçün Meksika Miqrasiya Xidməti ilə əlaqə saxlayır. Səfirlik onların ailə üzvünün harada olduğunu müəyyən etmək üçün səfirliyə müraciət etmiş vətəndaşların ailə üzvləri ilə əlaqə saxlamağa davam edir", deyə məlumatda bildirilir.

Aydın