Ölkə 17:44 09.01.2023

Məktəbin “ayaqyolu qalmaqalı” böyüyür: Müəllimə verilən töhmət etiraza səbəb oldu

"Bu qərar aidiyyatı qurumların məsuliyyəti öz üzərlərindən atmaq cəhdidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev İmişli rayon Aran kənd məktəbinin müəlliminin ayaqyolunun olmaması ilə bağlı sosial şəbəkədə paylaşdığı vedoya görə cəzalandırılmasına münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, müəllimə töhmət verilməsi onun sözügedən videonun çəkməsi ilə əlaqədardırsa, bu, yanlış yanaşmadır. 

E.Əfəndiyev vurğulayır ki, töhmətlə bağlı verilən qərar "Təhsil Haqqında” Qanunun pozulmasıdır: "Müəllim baş verən problemi işıqlandırıb və onun həllinə çalışıb. Kimsə onunla bağlı bu qərarı veribsə, səhv edib və qanunu pozub”. 



Elçin Əfəndiyev deyir ki, baş verən hadisə ilə bağlı araşdırma aparıb: "Qarşı tərəf əsaslandırmaq istəyir ki, müəllimə töhmət dekabr ayının əvvəlində verilib. Guya, bunun səbəbi onun dərsə gəlməməsi olub, müəllim 2 gün dərs buraxıb. Bu da doğru deyil, çünki töhmət o halda verilir ki, birinci növbədə üzürsüz səbəbdən dərsdə iştirak etmədiyi üçün müəllimə xəbardarlıq edilir. Əgər müəllim edilən xəbardarlığa məhəl qoymayıb, yenidən eyni hərəkətə davam edirsə, qanunvericiliyin tələblərinə uyğun olaraq ona töhmət verililir”. 

Elçin Əfəndiyev müəllimlə bağlı verilən qərarı haqsız sayır: "Aidiyyat qurumlar mövcud problemin həllinə çalışmaqdansa, problemi işıqlandıran şəxsə töhmət verirlərsə, buna necə ad qoyaq”. 

Qeyd edək ki, İmişli rayon Aran kənd məktəbinin müəllimi sözü gedən məktəbdə ayaqyolunun olmaması ilə bağlı video müraciət edib. Videoda müəllimə şagirdlərə ayaqyolu tikilənə kimi dərsə gəlməmələrini tövsiyyə edib. Bu müraciətdən sonra müəllimə töhmət verilir. Rəhbərlik bildirib ki, məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib.
 
Bahar Rüstəmli