Sənət 14:40 28.09.2022

Mən kiminsə sifarişi ilə yazı yazana oxşayıram? - Elşad Baratla müsahibə

Qaynarinfo.az Ümid Partiyasının mətbuat xidmətinin rəhbəri, şair Elşad Baratla müsahibəni təqdim edir. 

- Bir vaxtlar tanınmış şəxslərin əleyhinə yazılar yazırdın, təhqir elementləri də olurdu o yazılarda. Deyirdilər, kiminsə sifarişi ilə yazırsan. Doğrudan, kiminsə sifarişi ilə yazırdın, yoxsa bu, özünütəsdiq cəhdi idi? 

- Düşünmürəm ki, kimisə təhqir etmişəm, çünki vicdansıza vicdansız, namərdə namərd demək təhqir deyil. Hər kəs kimi mənim də öz yanaşma tərzim, ədalət tərəzim var. Hələ bir layihə üzərində işləyirik, əsasən ədəbiyyat və mədəniyyət sahəsində ədalətsizlik edən, xalqın, millətin, cəmiyyətin əleyhinə addım atan insanları kütləvi şəkildə tənqid edəcəyik. Məni illərdir tanıyırsan, səncə, mən kiminsə sifarişi ilə yazı yazana oxşayıram? Heç öz sifarişimlə də yazı yazmıram. Çünki bir xalqı təmsil edən qələm adamı ən başda o xalqın mənafeyini müdafiə etməlidir. Özünü təsdiq etmək məsələsinə gəlincə, mənim belə bir dərdim yoxdur. 

- 44 günlük müharibə dövründə və ondan sonra çox yaxşı bir iş gördün. Hər şəhidin adına bir şeir yazdın. Sonra bu şeirləri kitab halına saldın. Bu da əla bir iş idi. Amma kitabın satışa çıxarılmağını bəzi şəxslər narazılıqla qarşıladı. Onların arqumenti budur ki, şəhid adına bağlanan kitabı satışa çıxarmazlar. Sən necə düşünürsən?

- Təşəkkür edirəm, amma düşünmürəm ki, böyük iş görmüşəm, çünki Vətən müharibəsi bu vətən dediyimiz torpaqlar üzərində gəzən hər kəsin müharibəsidirsə, hər kəs öz üzərinə düşəni etməlidir. Necə ki, bir döyüşçü əlinə silah alıb könüllü şəkildə döyüşə getdi, bir jurnalist könüllü şəkildə kamerasını götürüb savaş meydanına üz tutdu, mən də bacardığımı etdim, hər şəhidə bir şeir yazmaq məsuliyyətini üzərimə götürdüm, şükür ki, uğurla davam edirəm. Eyni mövzuda yüzlərlə şeir yazmaq elə də asan məsələ deyil, amma Allahın köməyi ilə bunu bacardım. Digər tərəfdən, bu şeirlərin kitab halına salınması da bir işdir. Bu gün heç bir mətbəə pulsuz işləmir. Kitabı da mən satışa çıxarmadım. 

- İlk hekayələrindən biri marağa səbəb olmuşdu. Hətta Kamal Abdulla yazı yazmışdı o hekayəndən. Amma sonrakı hekayələrinə heç bir reaksiya olmadı. Nə baş verdi ki, belə alındı?

- Sonrakı hekayələrimi çapa verməmişəm, necə reaksiya olmalıdır ki? Cəmi bir hekayələr kitabım çap olunub. Daha nəsr əsərlərimi çapa vermirəm. Düşünürəm ki, bir az gözləməliyəm. Hazırda Azərbaycan nəsrində böyük boşluq var. Bu boşluğun içində söz yiyəsini tanımır. Bu boşluğa bataqlıq da demək olar. Böyük bir bataqlıq. 

- Deyilənə görə, ədəbiyyatda bir Cəlilabad mafiyası var. Bu mafiyanın sənin ədəbi mühitlə tanışlığında, yaradlcılığında hansı rolu olub?

- Hər deyilənə inanma. Mafiya deyəndə söhbət hansısa qruplaşmadan gedirsə, Cəlilabad ədəbi mühiti və ya Cəlilabadda doğulub Bakıda yaşayan şair və yazıçılarımız yalnız sözün başına yığışa bilər. Yəni mən belə görmüşəm. Salam Sarvan, Aqşin Yenisey, Meyxoş Abdulla, Əlirza Həsrət, Əlizadə Nuri, Mirbağır Bünyatov, Elnur Nəhmətov, Bəhruz Xəlil, Faiq Hüseynbəyli, Anar Amin, Emin Piri, Bilal Alarlı, Günay Ümid, Cavid Zeynallı və başqaları. Bu adamların hansı biri mafioza oxşayır? Yaxud, hansı birinin əlində böyük imkanlar var? Bu adamların sözdən başqa heç nəyi yoxdur. Həqiqət də budur ki, bu gün ölkə ədəbi mühitinin özəyini Cəlilabad yazıçı və şairləri təmsil edir. 

- Yaradıcılıq fakültəsinin məzunlarından birisən. Nə verdi sənə o fakültə?

- Yaradıcılıq Fakültəsinə gedəndə qalstuklu bir məmur kimi getmişdim, təhsilimi bitirəndə isə özünü sözə daha yaxın hiss edən, özünə yer tapmayan, dünyadan imtina etmək həddinə çatan biri idim. Hətta, orta məktəbdə fizika müəllimi idim, ərizə yazıb çıxdım, Azərbaycan Milli Elmlər Akademiyasının Geofizika İnstitutnun mühəndisi idim, ərizəmi yazıb çıxdım, Astrofizika İnstitutunun elmi işçisi idim, ərizəmi yazıb çıxdım. Bir gündə üç vəzifədən imtina etdim. Bir ilə yaxın özümü evə qapadım, kitablar oxudum, yazılar yazdım. Mövludun intiharından sonra Bakıda özümə yer tapmadım. Baş götürüb İstanbula getdim. Altı aya yaxın İstanbulda yaşadım. Özümü toparlayıb Bakıya qayıtdım. Yəni belə demək mümkündürsə, Yaradıcılıq Fakültəsinə gələnə qədər xoşbəxt bir məmur idim. Məni o fakültə bədbəxt elədi, yaxşı mənada. 

- Gənc Ədiblər Məktəbi, Yaradıcılıq fakültəsi kimi qurumların gənclərin yetişməsində hansı faydaları olur? Müqayisə etsək, üstünlüyü hansına verərsən?

- Gənc Ədiblər Məktəbində də oxudum, amma o mühit məni çox da dəyişmədi. Elə xoşbəxt olaraq qaldım, qalstukda. Bütün ədəbi mühitlər maraqlıdır, nəsə öyrənəcəyimiz hər yer yaxşıdır. Mən müqayisə etmək istəmirəm. Amma kiməsə vacibdirsə, bir məktəbin dəyəri həmin məktəbin məzunlarını göstərməklə görünə bilər. 

- Ümid Partiyasının mətbuat xidmətinin rəhbərisən. Bir şairin, yazıçının, qələm adamının partiyalılığı səncə nə dərəcədə düzgündür? 

- Mən şair, yazıçı olmazdan öncə vətəndaşam. Bugünkü hakimiyyətin idarəçiliyindən razı deyiləm. Ümid Partiyasının yolu sevgi, barış, haqq-ədalət yoludur. Bu gün özümü bu yolda görürəm. 

- Şuşaya səfər etmişdiniz. Təəssüratların necə oldu?

- Hə, Şuşada möhtəşəm hisslər keçirdim. Şuşa qayalarından qəribə bir enerji aldım. Bu səfər haqqında poema yazmışam. Ədəbiyyat qəzetində çap olunub. O poemada öz təəssüratlarımı daha geniş vermişəm. Oxuya bilərsiz. 

- Yazıçılar Birliyinin bir rəsmisi Şuşaya gedə bilməyənləri təhqir etmiş, sən də ona haqq qazandırmışdın. Niyə belə hərəkət etdn ki? Təhqirə haqq qazandırmaq nə dərəcədə doğrudur?

- Heç vaxt gərəksiz təhqirə haqq qazandırmamışam. Yenə deyirəm, çaqqala çaqqal demək onu təhqir etmək deyil, amma aslana çaqqal demək onun üçün təhqirdir, baxmayaraq ki, ikisi də heyvandır. 

- Elşad, mütaliə edirsənmi, kimlər sənin üçün müəllif kimi əhəmiyyətlidir?

- Hazırda Lev Tolstoyun "Anna Karenina" kitabını oxuyuram. Bu aralar daha çox maraqlandığım yazıçılar Uilyam Şekspir, Ceyms Coys, Vladimir Nabokov, Fyodor Dostoyevski, Uilyam Folknerdir. Çarlz Dikkens, Anton Çexov, Qüstav Flober, Ceyn Osti də oxumaq planımdadır. Bu yazıçıları ona görə oxuyuram ki, illər öncə ABŞ-da ən yaxşı yazıçılar sorğusunda ilk onluqda olublar. Görək dünyanın ən yaxşı yazıçıları nə yazır?

Ağa Cəfərli