İdman 11:38 16.01.2023

Məşhur fransalıdan Ronaldoya: "Qocaldığını qəbul etməlisən"

Fransa futbolunun canlı əfsanəsi Erik Kantona Kriştiano Ronaldo ilə bağlı maraqlı açıqlamalar verib.

Qaynarinfo xəbər verir ki, karyerasının sonuna yaxın "Əl Nəsr"ə transfer olunan 37 yaşlı futbolçu haqda danışan Kantona portuqaliyalının artıq "qocaldığını" bildirib. "Mançester Yunayted"in keçmiş oyunçularından olan fransalı hücumçu Ronaldonun ərəb klubuna keçidini sərt tənqid edib:

"Düşünürəm ki, Ronaldo hələ də bunu dərk etmir, artıq 25 yaşı varmış kimi oynaya bilmir. O, indi qocalıb və oynamadığına görə üzülmək əvəzinə, "Yaxşı, daha 25 yaşım yoxdur və hər oyunda meydana çıxa bilmərəm. Mən gənc oyunçulara kömək və bunu qəbul etməliyəm" sözlərini deməli idi. Bu, sadəcə futbol deyil, qocaldığının fərqində olmalısan. Məsələn, mən 30 yaşındakı kimi qaça bilmirəm və bunu qəbul edirəm. Bir gün öləcəyəm, bunu da qəbul edirəm. Qəbul etmək çətindir, amma etməlisən. Karyeranızın sonuna gəldiyiniz zaman kiçik bir ölüm, amma yeni həyat yaşayırsınız. Bir şeydən başlamaq lazımdır".

Səbuhi Həsənov