İdman 16:05 01.02.2023

Məşhur hakimə bənzədiyi üçün hədələnən baqqal: "Məni söyürlər, dözə bilmirəm"

Trabzonun Sürmenə bölgəsində baqqal işləyən Yasin Kol, Türkiyə Superliqasında hakimlik edən və Trabzondan olan Yasin Kolla oxşar adı daşıdığına görə çox əziyyət çəkir.

Qaynarinfo xəbər verir ki, bunun səbəbi baş hakim Yasin Kolun idarə etdiyi matçlardan sonra təhqir olunması və hədələnməsidir. O, bu səbəbdən polisə şikayət edərək düşdüyü vəziyyətə çarə tapmağa çalışır. 

Hakim Yasin Kola həm xarici görünüş, həm də ad baxımından bənzəyən, meyvə və tərəvəz satışı ilə məşğul olan Kol "A Spor"a düşdüyü vəziyyətlə bağlı açıqlama verib:

"Bizim hakim Yasin Kolla uzaq qohumluğumuz var. Adın oxşarlığına görə mənə qarşı təhqir, söyüş, ağır sözlər işlədilir. 3-4 aydır eyni problemlərlə üzləşirəm. Sonuncu dəfə dözə bilmədim, gedib şikayət etdim. Özümü narahat hiss edirəm. Belə duruma düşdüyüm üçün üzülürəm. Çünki məni söyürlər, dözə bilmirəm. "Facebook" hesabımı bağladım, amma bu dəfə onlar "Instagram"dadır. Adımız və soyadımız saxlanılır. Mənə həmişə çox pis sözlər deyirlər, təhqir edirlər. 

Biz eyni kənddənik, amma o, İstanbulda vəzifəsini yerinə yetirir. Mən isə Trabzonda yaşayıram. Srzaq satışı ilə məşğulam. Onlar sadəcə ad oxşarlığına görə təhqir edirlər. Bacardığım qədər telefondan istifadə etməməyə çalışıram. 2 ildir ailəliyəm. Ailəm də üzülür. Mən də bu hadisələrlə qarşılaşdıqdan sonra depressiyaya düşürəm, sıxıntı çəkirəm. 

Əslində, oyunları izləməyi çox sevirəm, amma ruhdan salırlar, baxa bilmirəm. Həyatda ən çox sevdiyim şey futboldur və ona baxmamağa qərar vermişəm. Yasin Kolun idarə etdiyi matçlara baxa bilmirəm. Onun da səhv etdiyini düşünmürəm. Azarkeşləri sevindirmək üçün heç bir yol yoxdur. Matçı Yasin Kol idarə edir, ancaq təhqir olunan mən və ailəmdir. Oyunları düzgün və ya səhv idarə etməsindən asılı olmayaraq, təhqirlər eşidirəm. Söyüş heç bir oyunda, heç bir yerdə olmamalıdır. Həyat yoldaşım da bu vəziyyətdən narahatdır. Türkiyə futbolunun irəliləməsi üçün hər yerdən söyüş yığışdırılmalıdır".

Səbuhi Həsənov