Texnologiya 16:16 07.11.2022

"Meta" kütləvi ixtisara başlayır - “Twitter” peşiman olub

"Facebook” və "Instagram”ın sahibi IT nəhəngi "Meta” bu həftə kütləvi ixtisarlara hazırlaşır. Şirkət işçilərin ixtisarını çərşənbə günü, noyabrın 9-da elan edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən yazır.

Bu, şirkətin 18 illik tarixində ilk kütləvi ixtisarlar olacaq. Artıq işçilərə bu həftədən etibarən qeyri-vacib səyahətləri təxirə salmaları bildirilib.

Faiz ifadəsində ixtisarlar "Twitter”dəki qədər böyük olmayacaq. Ötən həftə sosial şəbəkənin yeni sahibi İlon Mask işçilərin demək olar ki, yarısını - 7500 nəfərdən 3700-ünü işdən çıxarıb. Bununla belə, "Meta” "Twitter”dən daha böyük bir şirkətdir: şirkətdə 87.000 işçi çalışır və minlərlə içşi ixtisara düşə bilər. Bu o deməkdir ki, "Meta”dan işdən çıxarıldıqdan sonra əmək bazarında misli görünməmiş sayda IT işçisi olacaq.

"Meta” sözçüsü ixtisarlarla bağlı şərh verməkdən imtina edib, lakin CEO Mark Zukerberqin son açıqlamasını xatırladıb. Zukerberqin sözlərinə görə, şirkət investisiyaları "az saylı yüksək prioritet inkişaf sahələrinə" yönəldəcək. "Ümumilikdə, biz 2023-cü ili təxminən eyni və ya daha az heyətlə başa vurmağı gözləyirik", deyə oktyabrın sonunda Zukerberq bildirib.

"Meta” digər texnoloji nəhənglər kimi, insanlar vaxtlarının xeyli hissəsini onlayn keçirdikləri üçün pandemiya zamanı şirkətə çox sayda yeni işçi cəlb edib. Şirkət 2020 və 2021-ci illərdə ştatını 27.000 nəfər artırıb və bu ilin ilk doqquz ayında daha 15.344 işçi şirkətə işə götürülüb. 

Lakin pandemiya qismən səngidikdən sonra bir çox texnologiya şirkəti problemlər yaşamağa başlayıb. İnvestorlar şirkətin artan xərclərindən narahat olduqları üçün "Meta”nın səhmləri bu il 70% ucuzlaşıb.

Bu arada "Twitter” İlon Mask tərəfindən işdən çıxarılan bəzi işçilərini geri qaytarmağa çalışır. Bu barədə "Bloomberg” bu gün yazıb.

Agentlik müəyyən edib ki, şirkət əsas funksiyaları yerinə yetirən onlarla işçini səhvən işdən çıxarıb. Rəhbərlik sosial şəbəkənin yeni funksiyalarını yaratmaq üçün onların iş və təcrübələrinin lazım ola biləcəyini başa düşdükdən sonra bəzi işçilərdən geri qayıtmaları xahiş edib.

Nizami Bağırov