Siyasət 11:28 05.11.2022

Meyiti Ermənistana təhvil verilən hərbçilərin sayı açıqlandı

"Azərbaycan dövlətinin əsas prioriteti azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin ata-baba yurdalarına qayıtmasıdır. Azad edilən ərazilərdə işlərin görülməsində ən böyük təhlükə minalarla bağlıdır”.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indiyədək həmin ərazilərdə 267 Azərbaycan vətəndaşı minaların qurbanı olub:

"Minaların təmizlənməsi istiqamətində işlərimiz davam edir və günbəgün genişlənir. Azad edilən ərazilərdə yenidən infrastruktur qurulur”.

Nazir həmçinin qarşı tərəfə təhvil verilən meyitlərin sayını da açıqlayıb:

"Azərbaycan tərəfi 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan dərhal sonra onun icrasına başlayıb. Hətta Azərbaycan birtərəfli qaydada pozitiv addımlar atıb. Azərbaycan tərəfi bu müddət ərzində 1 700-dən çox erməni hərbçinin meyitini Ermənistana təhvil verib”.

O bildirib ki, I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000 azərbaycanlının taleyi ilə bağlı hər hansı məlumat yoxdur:

"2021-ci ilin qış aylarında 30 illik münaqişə tarixində ilk dəfə Rusiya qazı Azərbaycan ərazisindən Ermənistana nəql edildi. Azərbaycan tərəfi buna da birtərəfli qaydada razılığını verib”.