Siyasət 15:53 03.12.2022

“Milli Məclis sülhməramlıların Qarabağdan çıxması barədə qərar verməlidir” - Politoloq

"Moskvanın bu saymazyana hərəkətinə görə, Milli Məclis Rusiya sülhməramlılarının Qarabağdan çıxması barədə qərar verməlidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Azərbaycan Müdafiə Nazirliyinin Rusiyanın sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının hələ də uydurma erməni toponimləri ilə qeyd olunmaqda davam etdirilməsinə artıq 8-ci dəfə etiraz bildirməsinə münasibət bildirərkən deyib: "Rusiyanın belə addım atması gözlənilən idi. Rusiya belə hərəkətləri çoxdan planlaşdırmışdı. Həyata keçirmək istəyirdi, amma indiyədək Paşinyan mane olurdu. Lakin görünən odur ki, Moskva Paşinyanı ələ ala bilmədi. Çünki Paşinyan həm Qərbə, həm Rusiyaya, həm İran, həm də Fransaya xidmət etməyə çalışır. Bu da onun çaş-baş qaldığını göstərir. Rusiya Müdafiə Nazirliyi birmənalı şəkildə Ali Baş Komandana tabedir. Ali Baş Komandan isə Putindir. Putin də bilərəkdən belə hərəkət edir. Məqsəd Ermənistan bu və ya digər formada əlindən çıxsa, Azərbaycanı əlində saxlamaq və ölkəmizə qarşı özünün imperiya siyasətini davam etdirməkdir. Rusiya bununla Azərbaycana münasibətdə səmimi olmadığını da ortaya qoyur. Ona görə də Kreml tərəfindən belə hərəkətlərin atılması gözləniləndir. Azərbaycan tərəfi nə lazımdırsa, bütün addımları atıb. Amma Rusiya da öz bildiyini etməkdə davam edəcək. Ona görə də Milli Məclis Rusiya tərəfinin qəbul edilən qərarları yerinə yetirmədiyini əsas gətirməklə rus sülhməramlıların çıxarılması barədə qərar qəbul etməlidir”. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi dünən yaydığı növbəti bəyanatda da Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının hələ də uydurma erməni toponimləri ilə qeyd olunması və bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı dəfələrlə edilən müraciətlərə qarşı tərəfin etinasız yanaşılmasına etiraz edərək, bunun anlaşılan olmadığını bildirib. Ona əsasən də Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha israrla bildirib ki, yaşayış məntəqələrinin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR. 

Rüfət Sultan