Dünya 20:58 24.01.2023

Mistik faktlar: Basilaşvili “Master və Marqarita”ya çəkiləndə nələr baş verib?

Müsahibələrin birində rejissor Vladimir Bortko Mixail Bulqakovun "Master və Marqarita” filminin ekranlaşdırılmasında Voland rolunun niyə Oleq Basilaşviliyə verildiyini izah edib. 

"Film çəkməyin iki yolu var. Birincisi, "saf kino” yaratmaqdır. İkincisi isə əhvalatın nəql edilməsidir. Bu ikinci kino növü mənə daha yaxındır. Ancaq əhvalatı nəql eləmək üçün super sənətkar olmaq lazımdır. Ona görə də Oleq Basilaşvili”, - o deyib. Amma Vladimir Vladimiroviç bəzi şeylərin üstündən keçir, çünki əvvəlcə o Voland rolunda Oleq Yankovskini, xarici ulduzlardan Harri Oldman, Jan Renonu görmüşdü.

Oleq Yankovski rola təsdiq edildikdən sonra son anda çəkilişlərdə iştirakdan imtina edib. Aktyor imtinasını belə əsaslandırıb:
"Mən Volandı necə oynayacağımı bilmirəm. O, hansı kostyumda olmalıdır? Kitabda onun geyimi ətraflı təsvir edilsə də, bu ədəbiyyatdır. Bəs ekranda: niyə o başqa cür yox, məhz belədir? Və qəribə də olsa, bu zəif roldur. Bütün olanlar Volandın şəxsində deyil, onun ətrafında baş verir, amma inandırıcı görünməsi üçün sadəcə gözlərimi yummaq istəmirəm. Əsas səbəb isə budur: Mən hesab edirəm ki, Allah kimi şeytan rolunda da oynamaq olmaz. İsa Məsih – hə, onu oynaya bilərsiniz, o, real insan olub. Ancaq bununla təmasa girmək olmaz. Bulqakovun bütün romanına yox – təkcə Volanda”.

Harri Oldman və Jan Reno məsələsi də alınmayıb. Elə o zaman rol Oleq Basilaşviliyə təklif olunub.

Oleq Valerianoviç isə Volond rolunu oynamaqdan qorxub-qorxmadığını soruşanda belə cavab verib:

- Əlbəttə, demək istəyirəm ki: bütün bunlar cəfəngiyyatdır! Amma məncə, romanın özü həqiqətən də o qədər sadə deyil. Düzünü desəm, Volandı oynamaq təklifi alanda mən də bir az narahat oldum. Ətrafdakıların hamısı dedi: "Mistisika! Allah cəzanızı verəcək!” O vaxt elə allahdan Kiyevdə qastrol səfərində idim, ona görə də "Master və Marqarita” filmində roluma Allahdan izn almaq üçün Kiyev-Peçersk Lavrasında yeni bərpa edilmiş məbədə getməyə qərar verdim. Gedirəm, ancaq məbəd bağlıdır. Neynəmək olar, yaxınlıqdakı başqa bir məbədə gedirəm. Dayanmışam. 

Birdən bir qadın mənə yanaşır. "Bərpa edilmiş məbədi görmək istərdinizmi?" - o soruşur. "Mən də elə bunu arzulayırdım, ancaq ora bağlıdır", - deyirəm. Qayıdıb mənə deyir:
 
"Gedək, bir də gördün içəri buraxdılar". Dediyi düppədüz çıxır, biz yaxınlaşan kimi bir xidmətçi qapını açır:

"Buyurun". 

Mən məbəddə tək qalıram və bunu bir işarə kimi qəbul edirəm: demək, icazə verildi.

- Sizcə, Voland kimdir? Şeytan?

- Qətiyyən! İblis şirnikləndiricidir, hətta Məsihi də səhrada sınaqdan keçirib. Lakin Voland heç kimi aldatmır, sadəcə olaraq pisliyi cəzalandırır. O, xəbərçi Baron Meigeli öldürür, ateist Berliozu edam edir və istedadlı, lakin savadsız şair Bezdomnını filosofa çevirir. Onun minlərlə yaşı var, azman bir ömür sürüb, Tanrının özü ilə danışıb. İndi, yüz minlərlə il sonra o, insanlara baxmaq üçün Yerə gəlir. Sosialist Moskvada, deyirlər, Allahı inkar edən azad insanlar yaşayır.

Maraqlıdır! Bəs o nə görür? İnsanlar heç dəyişməyib, min illəfr əvvəl olduğu kimidirlər. Hə, fərqli geyinirlər, maşın sürürlər, amma başqa qalan hər şeydə əvvəlki kimidirlər. "Mən haqlıyam”, - o düşünür. O xoşbəxtdir, yoxsa kədərli? Çox kədərlidir, çünki tərkibində çoxlu iyrənc şeylər olan insan təbiəti dəyişdirilə bilməz. Və birdən başqaları kimi olmayan iki nəfərlə qarşılaşır. İstedadlı və vicdanlı yazıçı və təki onun üçün yaxşı olsun deyə dərisinin soyulmasına belə hazır olan bir qadın. Voland heç vaxt belə sevgi ilə də rastlaşmayıb. Və anlayır ki, bu ikisinə burada yer yoxdur, onları bu "sosialist cənnətində” ancaq tapdalayacaqlar. Heyfi gəlir. Deməli, onlara kömək etmək lazımıdır. Edir də. Bəyəm bu, pis hərəkətdir?

Romanın epiqrafının belə olması da boşuna deyil:
 
"Mən pislik etməyi arzulayan, ancaq həmişə yaxşılıq edən o qüvvənin bir parçasıyam”.

Alpər