Dünya 18:26 03.02.2023

MKİ-nin Kiyevə qarşı planı (ŞƏRH)

"Zelenskiyə belə mesajların verilə biləcəyi ehtimalı böyükdür. Verilibsə, Zelenskinin ondan imtina etmək imkanı da sıfır səviyyəsindədir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Mirzəoğlu ABŞ prezidenti Co Baydenin MKİ şefi vasitəsilə bu ilin yanvarında Ukrayna və Rusiyaya sülh planı təklif etməsi barədə xarici mətbuatda gedən yazıya münasibət bildirərkən deyib.
 
"ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi rəisinin Ukrayna Prezidenti Zelenski ilə danışıqlar apardığı məlumdur. Bu qurum ABŞ siyasi hakimiyyətinin qərarlarının icrasına məsul qurumdur. Məhz, bu qurumun dəstəyi və iştirakı ilə uzun illər ayrı-ayrı ölkələrdə dövlət çevirilişləri həyata keçirilib. Bu mənada Ukrayna hakimiyyəti ABŞ-ın təklifindən imtina edə bilməz. Zelenskinin ABŞ hakimiyyətinin MKİ vasitəsilə göndərdiyi mesajlardan imtina edə biləcəyini düşünmürəm. Çünki Zelenskinin hakimiyyəti onların verəcəyi dəstəkdən asılıdır”, deyə politoloq qeyd edib.
 
E.Mirzəoğlu bildirir ki, Qərbdə və Pentaqonda artıq bir sıra kifayət qədər yüksək çinli mütəxəssislər müharibənin davam edəcəyi təqdirdə Ukraynanın uduzacağını proqnozlaşdırırlar:
 
”Aydındır ki, Ukrayna resursları, hərbi və demoqrafik imkanları ilə Rusiyaya qarşı dura biləcək dövlət deyil. 80 milyard büdcəsi olan dövlət trilyon dolalrdan çox büdcəsi olan hərbi bloka qarşı dursa da Qərb uzun müddətdir ki, onu məğlub edə bilmir. Pentaqon və MKİ-də rasional düşünənlər anlayır ki, nə sanksiya, nə də hərbi yolla müharibədəki gözləntiləri alınmayacaq. Ona görə də, artıq bu istiqamətdə mesajlar ötürməyə başlayıblar”. 

Qeyd edək ki, İsveçrənin "Neue Zurcher Zeitung” nəşri ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns yanvar ayında Rusiya və Ukraynaya sülh planı təklif etməsindən yazıb. Bu planda hərbi əməliyyatın dayandırılması müqabilində Ukrayna ərazisinin təxminən 20 faizinin Rusiyaya verilməsinin nəzərdə tutulduğu iddia edilir. Lakin Moskva və Kiyev bu təklifi rədd edib. 

Rüfət Sultan