Dünya 12:17 24.01.2023

Moldova bütün qarnizon poliqonlarında hərbi təlimlərə başlayır - Kommersant

Yanvarın 24-dən fevralın 4-dək Moldovada döyüş atəşli hərbi kompleks taktiki təlimlər keçiriləcək. Hərbi qulluqçuların bacarıqlarının qiymətləndirilməsi məqsədilə təlimlərin keçirilməsi nəzərdə tutulub. Moldova Müdafiə Nazirliyi planlaşdırılan təlimlərin "regiondakı təhlükəsizlik vəziyyəti ilə heç bir əlaqəsi olmadığını” vurğulayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” məlumat yayıb.

"Hərbi texnikanın hərəkəti ilə taktiki təlimlər bütün hərbi qarnizonların poliqonlarında keçiriləcək və çağırışçıların, eləcə də müqavilə əsasında hərbi qulluqçuların imkanlarının və praktiki bacarıqlarının qiymətləndirilməsinə yönəldiləcək", - Moldova Müdafiə Nazirliyinin bəyanat deyilir. 

Müdafiə Nazirliyindən bildirilib ki, zabitlər, çavuşlar və əsgərlər digər tapşırıqları, xüsusilə ilkin tibbi yardım və kimyəvi müdafiə hazırlığını yerinə yetirəcəklər.

2022-ci ilin dekabrında Moldova Müdafiə nazirliyinin rəhbəri bildirib ki, 2023-cü ildə nazirlik hərbi büdcəni 50% artırmağı planlaşdırır. Daha sonra Moldova prezidenti Maya Sandu bildirib ki, ABŞ, Aİ ölkələri və NATO ölkəni NATO standartlarına uyğun təchiz etmək üçün ölkəyə hərbi yardımın həcmini artırıb.

Dekabrın 21-də Sandu etiraf edib ki, Moldova hərbi alyanslardan birinə qoşulmaq üçün ölkə konstitusiyasında göstərilən neytrallıqdan imtina edə bilər. Onun sözlərinə görə, ölkədə Moldovanın özünü müdafiə edə biləcəyi ilə bağlı müzakirələr gedir.

Nizami Bağırov