Xəbər lenti

Dünya 12:52 01.10.2022

Monqolustan Rusiyadan səfərbərliyə görə qaçanlara qucaq açdı: “Gəlin”

Monqolustan bunu istəyən bütün rusiyalılara yaşayış icazəsi verməyə hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin İmmiqrasiya Agentliyinin rəhbəri Nerquyn Uuqanbayar məlumat verib.

"Rusiya Federasiyasının vətəndaşları Monqolustanda müəyyən müddət qalmaq üçün müraciət edirlər. Bu vəziyyətlə əlaqədar olaraq, bütün müraciət edənlərə müvafiq kateqoriyalı yaşayış icazəsinin verilməsi barədə qərar qəbul edilib”, - deyə Monqolustan rəsmisi bildirib. 

Uuqanbayarın sözlərinə görə, Monqolustanda 56 müxtəlif kateqoriyalı yaşayış icazəsi var. Amma hansının Rusiya Federasiyasının vətəndaşlarına veriləcəyi qeyd edilməyib.

Prezident Vladimir Putinin "qismən səfərbərlik” elanından sonra rusların qaçdığı ölkələrdən biri də Monqolustan olub. Respublikanın hakimiyyət orqanlarının məlumatına görə, sentyabrın 21-dən indiyədək Rusiya Federasiyasının 6268 vətəndaşı "Altanbulaq” buraxılış məntəqəsi vasitəsilə sərhədi keçib, 748 nəfər ölkədə qalma müddətini uzadıb, 1000-dən çox insan yaşayış icazəsinin alınması ilə bağlı məsləhətləşmələr üçün müraciət edib.

Bundan əvvəl Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorj səfərbərlikdən qaçan buryatlar, tuvalılar və kalmıklara sığınacaq təklif edib. O, bəyan edib ki, onlar və Rusiyadakı digər milli azlıqlar "Ukraynadakı müharibədə "top yemi” kimi istifadə olunub”. "Yüzlərlə insan itkin düşüb. Minlərlə insan öldürülüb. Biz, monqollar, qucaq açıb, sizi açıq ürəklə qarşılayacağıq”, - deyə Elbeqdorj bildirib.

O, həmçinin Putini müharibəni dayandırmağa çağırıb. "Sülhü bərpa etmək vaxtıdır. Siz bu müharibəyə başladıqdan sonra Rusiyanın qorxu və göz yaşları dənizində boğulduğunu görəndə ürəyim parçalanır. Sizin səfərbərliyiniz əzab okeanı gətirdi”, - deyə Elbeqdorj bildirib.

Səfərbərlik elan edildikdən sonra ən azı 200 min insan Rusiyanı tərk edib. Ən çox insan Qazaxıstan (98 min), Gürcüstan (53 min) və Finlandiyaya (43 min) gedib. Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi Frontex-in məlumatına görə, sentyabrın 19-dan 25-dək olan müddət ərzində təxminən 66.000 rusiyalı Avropa İttifaqına daxil olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->