Siyasət 15:46 20.01.2023

Moskva görüşü niyə təxirə salındı? (ŞƏRH)

"Manevr etmək, vaxt qazanmaq, Qərbdəki dairələrdən növbəti mesajlarını almaq üçün Ermənistan hakimiyyəti xarici işlər nazirlərinin Moskva görüşündən imtina edib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli Moskva görüşündən imtina etməsi səbəblərindən danışarkən deyib. Ekspert bildirib ki, Paşinyan özünün Qərbəki havadarlarının dəstəyini almadan bu məsələdə iradə nümayiş etdirmək gücündə deyil:
 
"Rəsmi İrəvanın belə mövqeyi təbii ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin hazırkı durumu ilə bağlı məsələlərə baxışlarından qaynaqlanır. Paşinyan gözəl başa düşür ki, Bakının danışıqlarda əsas məqsədi Ermənistanla dövlət sərhədinin müəyyən edilməsi, 10 noyabr sazişinin şərtlərinin yerinə yetirilməsidir. Ermənistan həmin üçtərəfli bəyanatda əksini tapan dəhlizlərlə bağlı mövqeyini sərgiləməli, Zəngəzur dəhlizini açmalı, Azərbaycan ərazisindəki işğalçı Ermənistan qoşunlarının tör-töküntüləri tam yığışdırılmalı və yekun sülh mətni üzərində iş aparmalıdır. Bu isə Paşinyan iqtidarına sərf etmir. O, başa düşür ki, bunlara gedəcəyi təqdirdə əsas opponentləri Moskvanın göstərişilə onu Ermənistan maraqlarına xəyanətdə suçlayacaqlar. Zəngəzur dəhlizinin açılması Moskva, Bakı, Ankara və müəyyən mənada Pekinin maraqlarına cavab verən layihədir. Paşinyan isə özünün Qərbəki havadarlarının dəstəyini almadan bu məsələdə iradə nümayiş etdirmək gücündə deyil. Paşinyan həmçinin Bakını separatçı rejimlə danışıqlar masası arxasına oturtmaq istəyir. Onun yürütdüyü siyasətin Moskvanı qıcıqlandırdığını da başa düşür. Sadaladığım həmin problemlərlə üz-üzə gəlməmək, manevr etmək, vaxt qazanmaq, Qərbdəki dairələrdən növbəti mesajlarını almaq üçün İrəvan xarici işlər nazirlərinin Moskva görüşündən imtina edib”. 

Qeyd edək ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü olmalı idi. Lakin Ermənistan tərəfinin  imtinası səbəbindən görüş baş tutmayıb. Azərbaycan tərəfi xarici işlər naziri Ceyhun Bayramovun timsalında bildirib ki, İrəvanın görüşdən imtinası məsuliyyətsiz addımların bariz nümunəsidir. Nazir onu da qeyd edib ki, Bakı təxirə salınan Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşün ən tez zamanda reallaşmasında maraqlıdır”. 

Rüfət Sultan