Dünya 22:53 25.04.2023

Moskva görüşü “Suriya böhranı”nı həll edəcəkmi? - Politoloq

"Moskva görüşündə Bəşər Əsədlə və Suriyadakı Türkiyəmeylli müxalifət arasında atəşkəs və bir-birinin məsuliyyət zonalarına daxil olmamaq barədə öhdəliklər götürülə bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyə, Rusiya, İran və Suriya müdafiə nazirləri və kəşfiyyat rəhbərləri arasında sabah Moskvada olacaq görüşü şərh edərkən deyib:
 
"Keçən ilin dekabrında Türkiyə, Rusiya və Suriyanın müdafiə və təhlükəsizlik qüvvələri rəhbərlərinin Astara görüşü oldu. Moskvada İranın da iştirakı ilə keçirilən görüşü  Astana görüşünün davamı  kimi qiymətləndirmək olar. Amma Suriyadakı aktyorlar heç də bu dörd dövlətlə yekunlaşmır. Burada ABŞ-ın dəstəklədiyi ərəb qüvvələrindən ibarət koalisiya və kürd yaraqlıları da var. Ona görə də ABŞ-la İsraili gözardı edərək, adı çəkilən 4 dövlətin iştirakı ilə Suriyada hər hansı bir sabitliyə və barışığa gətirib çıxaracaq siyasətin ortaya qoyulacağı inandırıcı deyil. Olsa-olsa bu 4 ölkənin görüşündə Suriyadakı siyasi maraqlarının uzlaşmasından söhbət gedə bilər”. 

Ekspertə görə, həmin görüş bütövlükdə Suriya üçün müharibənin sonu və sabitlik anlamına gəlməyəcək. 

Qeyd edək ki, sabah Moskvada Türkiyə, Rusiya, Suriya və İranın müdafiə nazirləri və kəşfiyyat rəhbərləri arasında görüş keçiriləcək. 

Rüfət Sultan