Xəbər lenti

Siyasət 14:10 26.07.2023

“Moskva reallıqları qəbul etməyə məcburdur” – Politoloq

"Bu müzakirələr növbəti fikir mübadiləsi kimi yadda qaldı”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri arasında baş tutan görüşü şərh edərkən deyib.
 
"Real nəticələrdən danışmaq olmaz. Bu, ümumiyyətlə heç gözlənilmirdi də. Bir neçə saatlıq görüşdə mövqelərin yaxınlaşdırılması mümkün deyildi. Sadəcə olaraq, görüş növbəti fikir mübadiləsi görüşü kimi yadda qaldı”, deyə Natiq Miri bildirib.

Ekspertə görə, Qarabağı "Dağlıq Qarabağ" kimi təqdim edən Moskva müəyyən xəbərdarlıqdan sonra bəzi gerçəklik və həqiqətləri qəbul edərək, ərazini öz adı ilə çağırdı: 



"Lavrov xarici işlər naziri kimi bir dəfə də olsun Dağlıq Qarabağ ifadəsini işlətmədi. Bu da onu göstərir ki, Azərbaycanın Qarabağla bağlı yanaşmasını tədricən Rusiyada da qəbul edilməyə başlayır. Lavrov ilk dəfə olaraq Qarabağda yaşayan erməniləri milli azlıq adlandırdı. Beynəlxalq hüquqa əsasən, milli azlıqlar özlərinin yaşadıqları coğrafiyanın siyasi taleyini həll edə bilməz. Bu ifadə dolayısı ilə xalqların öz müqəddəratını təyinatı prinsipinin üzərindən xətt çəkdi”. 

Həmsöhbətimiz qeyd edib ki, görüşdə Qərbi azərbaycanlıların qayıdışı məsələsində də Lavrov Bakının mövqeyində haqlı olduğunu etiraf edib: 

"Lavrov etiraf edib ki, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təminatını Azərbaycanın üzərində düşdüyü kimi, Ermənistandan qaçqın düşən azərbaycanlıların hüququnu da İrəvan təmin etməlidir. Yəni, bu məsələ güzgü xarakteri daşımalıdır. Ermənistan Qərbi Azərbaycandan olan soydaşlarımıza hansı hüquqları verəcəksə, Azərbaycan da Qarabağda yaşayan ermənilərə həmin formatı təqdim edəcək”.
 
Natiq Miri deyib ki, Rusiya prosesləri 10 noyabr çərçivəsinə qaytarmağa çalışır: 

"Dünənə kimi icra etmədiyi məsələləri yenidən gündəmə gətirib və icra etmək zərurəti yaratmaqla prosesi öz nəzarətinə keçirmək istəyir. Hiss olunur ki, Moskva prosesi illərlə uzatmaqda maraqlıdır. Görüş fonunda İrəvan və Moskva istədiklərini ala bilmədi. Əksinə, Azərbaycanın yaratmaq istədiyi bəzi reallıqları dilə gətirdilər”. 

Qeyd edək ki, dünən Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov və Ermənistan naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü olub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->