Aqşin YENİSEY
Ölkə 10:53 10.06.2022

Müasir insan bir uniformadır

Aqşin Yenisey

Bu günlərdə universitetlərimizin birinin kitab zalının girişinə yapışdırılmış iki sətirlik bir elan gündəm oldu; elanda bildirilirdi ki, kitab zalına şortikdə və maykada daxil olmaq qadağandır. Yəqin, bu elanı doğuran zərurət bundan ibarət idi ki, bu cür geyimlər diqqəti oxu prosesindən yayındırır: gözlər, məsələn, "TİBBİN TARİX VƏ FƏLSƏFƏ İLƏ ƏLAQƏSİ” kitabında deyil, kiminsə budunda, baldırında qalır. 

Ümumiyyətlə, geyimə münasibət tarix boyunca həmişə dartışılıb. İnsan təbiətdən ayrılıb geyinməyə başlayandan bəri geyim bir fərdi, dini, siyasi kimlik göstəricisinə, hətta ideoloji məsələyə çevrilib. 

Gəlin bu məsələnin tarixinə qısaca bir nəzər salaq. 

Geyim başlanğıcda bizi təbiətdən qoruyurdu, indi bir-birimizdən qoruyur. Artıq hamımız maneken olmağa məcburuq, hamımız bir uniformayıq. Rifahımız bu işi nə qədər ustalıqla bacardığımızdan asılıdır. Geyim həyat deyilən bu savaşda uğur qazanmağımız üçün bir kamuflyajdır. Təsadüfi deyil ki, bu gün geyim dünyasını ifadə edən "fashion” kəlməsi də latınca "facito” sözündən götürülüb "yoldan çıxarmaq”, "aldatmaq” sosial, fərdi status əldə etmək kimi bir çox mənanı özündə birləşdirir.

Geyimə qədər insanlar onun bugünkü funksiyalarını dərilərinə yükləyirdilər. Lüt dünyada insanlar dəriləri üzərində cərrahi izlər qoymaqla, döymələr işləməklə, xarici orqanlarına müxtəlif aksessuarlar taxmaqla özlərini mənalandırırdılar, heçkimlikdən xilas edirdilər. Qədim insanın dərisinə, üst-başına baxanda onun bir şamanmı, tayfa başçısımı, döyüşçümü, əsirmi olduğu dərhal bilinirdi. Bu mənalandırmalar, zahiri işarələmələr sonralar dini, siyasi, hətta irqi fərqləndirmələrə çevrildi. Vil Dürant "Mədəniyyətlərin təməli” adlı çoxcildli kitabında "mədəniyyətin irqi yoxdur” yazsa da, tarix boyu bütün irqlər mədəniyyəti özlərinə oxşatmağa çalışıblar.  

Çağdaş britaniyalı şərqşünas Bernard Luis "Orta Asiya” kitabında yazır ki, bu torpaqlarda yaşayan xalqlar daha çox öz tarixi kimliklərini göstərən geyimlərə üstünlük verirlər. Bunun da dərində yatan dini səbəbləri vardır ki, bu da bölgə insanının bütün maddi və mənəvi həyatının qarantı deməkdir. Luisin oriyentalist araşdırmalarına görə, hələ eramızdan əvvəl VII əsrdə yəhudi peyğəmbəri Zəfanyanın (Sofoniya) kitabında yəhudilərin geyimlərinə xüsusi diqqət ayrılaraq "Allahın "Qurban günü”nə qəribə paltarda gələn hər kəsin cəzalandırlacağının (1:8)” xəbərdarlığı vardı. Geyim artıq inancın bir simvolu idi. Tanrı vəhylərində insandan onun istədiyi kimi geyinməyi tələb edirdi. Bu qayda daha sonra digər Aralıq dənizi dinlərinə də keçdi. Britaniyalı şərqşünasın başqa qeydində Məhəmməd peyğəmbərə aid edilən hədislərin birində "Başörtüyü inancsızlıqla inanc arasında bir sərhəddir”, digərində isə "başqalarına bənzəməyə çalışan onlardan biri olur” deyildiyini iddia edir. Geyim inancın simvolu olmaqla yanaşı, həm də sosial kimlik göstəricisi idi. 

Demək ki, hələ o zamanlar da geyimimiz inancımızın şəkli, rəmzi olmaqla yanaşı, həm də sosial kimlik göstəricisi sayılırdı. Bu gün müasir yəhudi qadınları peyğəmbər Zəfanyanın dövründə olduğu kimi, başlarını xüsusi geyimlə örtməsələr də, Orta əsr fransız aristokratları kimi saçlarını pariklərlə gizləməyə məcburdurlar. Forma dəyişsə də, məzmun olduğu kimi qalır: mömin qadının öz saçı görünməməlidir. Ona görə də yəhudi dindar xanımlar küçəyə başqalarının saçı ilə çıxırlar.

Mişel Fukonun "bioiqtidar” anlayışının qısa izahı budur ki, bizim bədənlərimiz içində yaşadığımız sistemə məxsusdur. Bu sistem əvvəllər din, təriqət, dövlət kimi strukturlarla çərçivələnirdisə, bu gün nəinki iri şirkətlər, hətta xırda kafelər, dükanlar belə işçilərinə öz geyimlərini geyindirməklə onların bədənlərinə də (ən azı, iş saatlarında) sahib olduqlarını göstərirlər. Necə ki, məsələn, müasir yəhudilərdən fərqli olaraq, ilk xristian keşişləri xristian qadınların parik qoymasını ona görə qadağan etmişdilər ki, bazarda satılan ən bahalı saçlar sarı german saçları idi. Romanı da german tayfaları dağıtdıqları üçün kilsə bu xalqı sevmir, onların saçından tikilən parikləri də "şeytan əməllərinin gizləndiyi yer” adlandırırdı. Xristian qadınlarının bədəni kilsəyə məxsus olduğu üçün onlar german saçlarından uzaq durmalıydı. Əks halda, qadının hərəkəti onun kilsəyə aid olmaqdan imtinası kimi dəyərləndiriləcəkdi, bu da cadugərlikdə günahlandırılaraq tonqalda yandırılmağa qədər aparıb çıxara bilərdi.

Xarici görünüşə qarşı din qədər həssas olmasa da, siyasi doktrinalar də özlərini geyimlə ifadə etməkdə həmişə maraqlı olublar. Atatürkün "şapka inqilabı”ndan, yəqin ki, bir çox insan xəbərdardır. Əslində, papağa gələn yol XIX əsrdə islahatçı padşah II Sultan Mahmudun (hakimiyyət illəri 1808-1839) osmanlılara fəs geyindirmək qərarı ilə başlamışdı. Osmanlılar Mahmudun "fəsini” əvvəlcə rədd edirdilər, onu "kafir papağı” adlandırırdılar. Ancaq nəsil dəyişdikcə bu "kafir icadı” Osmanlıda müsəlmanlığın simvolu oldu. Fəs qoymayan müsəlmana bunu irad tutdular. Nəhayət, Türkiyə Respublikası qurulanda bu dəfə Atatürk "Mahmudun fəsi”ni qadağan edib Avropa tipli papaqlarla əvəzlənməsini əmr etdi. Vaxtilə fəsi geyinmək istəməyənlər bu dəfə fəsi başlarından çıxarmaq istəmədi. 1925-ci il papaq üçün küfr, təhqir, linç dolu bir il oldu. 

Modern dünyamıza gəlincə, geyim artıq şəxsiyyətin kimliyini ifadə edən bir dəyər həddinə yüksəlib. Türk sosioloq Ünsal Oskaya görə, şəhər həyatı geyimə bir kimlik, bir şəxsiyyət qazandırıb. Artıq "nə yeyiriksə, o deyilik”, nə geyiniriksə oyuq! 

Artıq geyimimiz bizi ifadə edən modern bir dildir. Qarşılaşdığımız insanlarla bizdən əvvəl pencəyimiz, ayaqqabımız, şalvarımız ünsiyyətə girir. Şəhər həyatında bu "dildə” danışa bilməyən adama yer yoxdur. Şəhər insanın əşyaya təslim olduğu yerdir; nəinki bahalı bir köynək geyinməklə, bir topa lazımsız açar gəzdirməklə də şəhərdə bir şəxsiyyət statusu qazanmaq olar. Hətta fikir versəniz, özünü geyimlə, müxtəlif əşyalarla ifadə edən adamların, adətən, az danışdığını müşahidə edəcəksiniz. Çünki danışıb geyimlə əldə etdiyi nüfuzu yerlə yeksan etməkdənsə, Rodinin "Düşünən adam” pozasında oturub susmaq daha faydalıdır şəhər mühitində. Halbuki zəngin mənəviyyat adamları tarixin bütün dövrlərində cır-cındır içində gəziblər. Rafaelin "Akademiya” əsərində Diogenin əynində heç alt paltarı da yox idi.

Oskaya görə, bu gün böyük şəhərlərdə insanlar bir-birlərinə qarşı "mədəni laqeydlik” mühitində yaşayırlar. Bu səbəbdən onlar özlərini dərhal fərqləndirən "instrument”lərə can atırlar. Geyim şəhər insanının özünü cəmiyyətə hər kəsin "oxuya biləcəyi qədər böyük hərflərlə" yazmasıdır. 

Alman sosioloq Erix Fromma görə, bir çox cəmiyyətlərdə geyim həm də sosial bağ rolunu oynayır, yəni insanlar bir-birilərinə həm də geyimlərinin eyniliyi ilə doğmalıq, yaxınlıq mesajı ötürürlər. Eyni ayaqqabını geyinməklə "baxın, mən də sizdənəm, sizin geyindiyiniz ayaqqabılardan geyinmişəm, məni soymayın, döyməyin və s.” deyir. Dəbin yaranmasının və yayılmasının səbəblərindən biri də sosial qorxudur. İnsanlar eyni geyimləri geyinməklə, özlərini zahirən yaşadıqları cəmiyyətə oxşatmaqla ətrafdakılara gəlmə, yad olmadıqları mesajını verir, bununla da öz təhlükəsizliklərini təmin edirlər. Dünya miqyasında ən çox turistlərin yağmalanmasının günahkarı da fərqli dəbləri, fərqli geyimləridir.

Müasir insanın artıq özü yoxdur, o, bir uniformadır, dəbdir, pal-paltardır.