Ekonomiks 10:39 27.10.2023

“Muğan Bank”da olan əməkhaqqı kartlarındakı pullar qaytarılacaqmı?

"Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən "Muğan Bank”da olan əməkhaqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan çoxsaylı suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.

O qeyd edib ki, qanunvericiliyə əsasən, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödənilməlidir.
 


"Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman da faizli əmanətlər də olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək məbləğdir.

Fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir”, - deyə V.Bayramov əlavə edib.

Xatırladaq ki, cari ay ərzində "Muğan Bank”ın lisenziyası ləğv edilib. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən "Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.