Texnologiya 23:07 01.07.2023

NASA-nın Marsdakı helikopteri iki aydan sonra əlaqəni bərpa etdi

Amerika kosmik agentliyi NASA-nın "İngenuity” helikopteri iki aylıq sükutdan sonra Qırmızı Planetdəki "Perseverance” roveri ilə əlaqəni bərpa edib.

Qaynarinfo xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) məlumat yayıb.

"İngenuity" helikopterinin 52-ci uçuşu indi missiyanın rəsmi jurnalında müvəffəqiyyət kimi qeyd olunub. Uçuş aprelin 26-da baş tutub, lakin NASA-nın Cənubi Kaliforniyadakı Reaktiv Hərəkət Laboratoriyasının missiya nəzarətçiləri helikopter yerə enərkən onunla əlaqəni itiriblər”, deyə Laboratoriyadan bildirilib.

"İngenuity"ni idarə edən komanda helikopterin eniş yeri ilə "Perseverance" roveri arasında təpə olduğu üçün əlaqənin kəsiləcəyini gözləyirdi ki, onların bu ehtimalı doğrulub.

"İyunun 28-də "Perseverance" təpəyə qalxıb və yenidən "İngenuity" ilə əlaqə qurulub", deyə JPL əlavə edib.

52-ci uçuşun məqsədi helikopterin yerini dəyişdirmək və roverin elmi qrupu üçün Marsın səthinin şəkillərini çəkmək olub. 

Onun yaxın bir neçə həftə ərzində Marsda yenidən səmaya qalxacağı gözlənilir.

Aydın