Dünya 18:14 09.01.2023

NATO-Rusiya münasibətlərində problem müharibə bitəndən sonra da qalacaq - Stoltenberq

Ukraynada müharibə bitsə belə, NATO ilə Rusiya arasında münasibətlər gərgin olaraq qalacaq.

Qaynarinfo bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin Selenada keçirilən təhlükəsizlik konfransındakı çıxışına istinadən məlumat verir.

O qeyd edib ki, Avropada təhlükəsizlik vəziyyəti həmişəlik dəyişib və bunu etiraf etmək lazımdır: "Moskva rejimi fərqli Avropa istəyir. Qonşu ölkələrə nəzarət etməyə çalışır, demokratiya və azadlığı təhlükə kimi görür. Bu, Rusiyanı Qərblə daim qarşıdurma mövqeyinə qoyur. Ona görə də bu müharibə bitsə belə, Rusiya ilə münasibətlərimizdə problemli olaraq qalacaq”.

Baş katib onu da vurğulayıb ki, Rusiya prezidentinin Ukraynaya qarşı müharibədə qələbəsi təkcə ölkə üçün deyil, bütün Şimali Atlantika Alyansı üçün təhlükəlidir.

"Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə olacaq. Amma bu, bizim üçün də təhlükəlidir. Ona və digər avtoritar liderlərə mesaj budur ki, hərbi güc tətbiq etsələr, istədiklərini əldə edəcəklər. Bu, bizi daha həssas edəcək”, deyə hərbi Alyansın baş katibi bildirib.

Baş katib izah edib ki, Ukraynaya dəstək NATO-nun və Alyansın bütün ölkələrinin maraqlarına uyğundur.

Stoltenberq daha əvvəl bəyan etmişdi ki, Rusiya Federasiyası müharibəni dayandırmaq niyyətində deyil və davam etdirməyə hazırlaşır. Ona görə də onun fikrincə, Qərb Ukraynaya uzunmüddətli dəstəyə hazır olmalıdır.

Nizami Bağırov