Dünya 11:33 10.12.2022

“NATO-Rusiya savaşı olmayacaq” – Politoloq

"Bu müharibə NATO-nun parçalanmasına gətirib çıxara bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev NATO-nun Baş katibi Yens Stoltenberqin Ukrayna münaqişəsinin nəzarətdən çıxa biləcəyi və Rusiya ilə Alyans arasında müharibəyə çevrilə biləyindən ehtiyatlandığı barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:
 
"Stoltenberq vaxtaşırı bu tip açıqlamalar verir. Əslində, Ukrayna və Avropa rəsmilərinin timsalında da bu tip açıqlamaların şahidi oluruq. Amma məsələyə real yanaşdıqda, Ukrayna müharibəsi fonunda Rusiya ilə NATO-nun qarşı-qarşıya gəlməsi, birbaşa toqquşmanın olması mümkün deyil.
 
İqtisadi maraqları nəzərə alsaq, belə bir müharibə indiki məqamda real deyil. ABŞ-da bunu istəmir. Digər tərəfdən, hazırda NATO daxilində Rusiya ilə müharibəyə cəlb olunmaqdan yayınan kifayət qədər ölkə var ki, onlardan biri də Türkiyədir. Bu isə onu deməyə əsas verir ki, NATO-nun Rusiyaya qarşı müharibəyə qoşulması qurum daxilində fikir ayrılığına və hətta onun dağılmasına da gətirib çıxara bilər. Bunları nəzərə aldıqda, NATO-Rusiya qarşıdurması gözlənilmir. Hətta Polşaya atılan raketlər fonunda Rusiyanı günahkar bilib, müharibəyə başlamaq olardı. Ancaq bu baş vermədi və məsələ sakitləşdi. Müharibə olacaqdısa, elə bu faktın özü kifayət edirdi. ABŞ indiki məqamda Rusiyanı tamamilə məhv etməyi də düşünmür. ABŞ sadəcə Rusiyanı yormağa, iqtisadiyyatını çökdürməyə çalışır. NATO Ukraynaya dəstək verir, amma orada qurumun ordusu yoxdur”. 

Rüfət Sultan