Dünya 13:17 11.10.2023

NATO: "Təxribatla bağlı məlumatlar təsdiqlənərsə, NATO cavab verəcək"

NATO Baltik dənizində kritik infrastruktura dəyən ziyanı müzakirə edəcək və hücumun qəsdən törədildiyi təsdiqlənərsə, Alyans @qətiyyətli cavab" verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” NATO-nun baş katibi Yens Stoltenberqin oktyabrın 11-də Alyansın müdafiə nazirlərinin iki günlük iclasının başlamazdan əvvəl keçirdiyi brifinqdə verdiyi açıqlamaya istinadla yazır.

"İndi vacib olan nə baş verdiyini və bunun necə baş verə biləcəyini müəyyən etməkdir. Əgər bunun NATO-nun kritik infrastrukturuna qəsdən hücum olduğu sübuta yetirilsə, bu, əlbəttə ki, ciddi olacaq və bu, təbii olaraq NATO-nun vahid və qətiyyətli cavabı ilə qarşılanacaq”, deyə NATO baş katibi bildirib. 

Stoltenberq qeyd edib ki, görüşdə nazirlər Baltik dənizində kritik sualtı infrastrukturun zədələndiyi insidenti müzakirə edəcəklər.

Xatırladaq ki, oktyabrın 8-də Finlandiyanın dövlət qaz ötürmə sistemi operatoru "Gasgrid Finland" mümkün qaz sızması şübhələri səbəbindən "Balticconnector" qaz kəmərinin bağlandığını elan edib. Fin körfəzində məlumatötürmə kabelinin zədələnməsi barədə də məlumat verilib. İndi Finlandiya qaz kəmərinin kənar təsirlər nəticəsində zədələnməsini araşdırır.

Finlandiya və Estoniya tərəfləri vəziyyətlə bağlı öz brifinqlərində qeyd ediblər ki, seysmoloji məlumatlar partlayıcı maddələrdən istifadəni göstərmir. Eyni zamanda, Estoniyanın müdafiə naziri Hanno Pevkur qeyd edib ki, bu cür ziyan bir dalğıc və ya kiçik sualtı robot tərəfindən törədilə bilməzdi.

Finlandiya mediası ölıkənin siyasi və hərbi rəhbərliyinin Rusiyanın bu hadisədə iştirakını ehtimal etdiyini bildirib.

Nizami Bağırov