Ekonomiks 16:25 29.11.2022

Nazirə məxsus olduğu deyilən şirkət dövlət qurumunu məhkəməyə verdi

İnşaat sektorunun nəhəng şirkətlərindən olan "AZ Texnika LTD” MMC  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində fəaliyyət göstərən "16 saylı xüsusi təyinatlı yol istismarı” MMC-ni məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, iddia Şirvan Kommersiya Məhkəməsinin hakimi Elşən Abdullayevin icraatındadır. İşin mahiyyəti icarə müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

"AZ Texnika LTD” MMC 19 iyun 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Bağırov Vahid Əli oğludur. 

"AZ Texnika LTD” MMC-nin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes obyektlərinin siyahısında rast gəlinir. Yerli medianın yazdığına görə, şirkətin əsas sahibi elə Kəmaləddin Heydərovdur. MMC-nin hüquqi ünvanı əvvəl Bakı şəhəri Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 12, məhəllə 500, mənzil 34-də yerləşib. Bu ünvanda "Az Group” Şirkətlər Qrupu da qeydiyyatdadır. Mediada gedən məlumatlara görə, Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınan iranlı iş adamı Məniçöhr Əhədpur vaxtilə bu şirkətə rəhbərlik edib. 

"Az Texnika MMC ” nəqliyyat, inşaat, yol tikintisi, qida və qablaşdırma və xidmət sektorları üzrə dünya miqyasında aparıcı şirkətlərin (Astec, Bosch, Clark, CORIMA, Dieci, ISUZU, John Deere, Mack, Mammut, Michelin, Palfinger, Renault, SKF, Total, Volvo) Azərbaycandakı eksklüziv təmsilçisi kimi fəaliyyət göstərir.

Seyid