Amal Abuşov
İdman 09:56 10.01.2024

“Neftçi” haqqında rəvayətlər

Qaçaq Nəbinin həyatından bəhs edən "Atları yəhərləyin” filmində çox maraqlı bir səhnə var. Öküz arabasında Nəbiylə yoldaşlıq edən, amma onu tanımayan bir arabaçı Nəbi haqqında belə danışır: "Şir südü əmmişin iki ürəyi, dörd böyrəyi var”. Arabaçının bu sözlərini eşidən Nəbi də şaqqanaq çəkərək gülür...

İngiltərə Futbol Assosiasiyası ən qədim klub kimi "Nots Kaunti”ni hesab edir. Rəsmi təsdiqlənmiş rəqəmlərdə qeyd olunur ki, bu klub 1862-ci ilin noyabrında yaradılıb. Amma sonradan "Kristal Pelas” bu ada iddia etdi. Aparılan araşdırmalardan sonra "Kristal Pelas”ın 1861-ci ildə yaradıldığı üzə çıxdı. Di gəl ki, FİFA-nın mövqeyi tamam fərqlidir. FİFA "Şeffild Yunayted”i ən qədim klub sayır və onun 1857-ci ildə yaradıldığını qəbul edir. Amma bu gün bu klubların heç biri böyük iddialarla yaşamır, çünki futbol dünyası çox dəyişib. Tarixə hörmət, tarixi reallıqlar öz yerində. Di gəl ki, hansısa "Kristal Pelas”, "Nots Kaunti” və yaxud da "Şeffild” azarkeşi, yaxud da onların rəsmi şəxsləri "biz gələndə ayağa qaxlın, biz ən qədim və ən güclüyük” tipli iddialarla çıxış etmir.

Gedişat göstərir ki, tezliklə "Neftçi” FİFA və İFA rəsmiləri ilə mübahisəyə girəcək, dünyanın ən qədim futbol klubunun özləri olduğunu sübut etməyə çalışacaq. "Neftçi”nin çox hörmətli sözçüsü Emin Əfəndinin "Futbolumuz” verlişində dediklərini görəndə məndə buna şübhə qalmadı. Emin bəy deyir ki, onun yaşıdları uşaq olarkən həyətdə oynadıqları topa "Neftçi” topu” deyirmişlər, "Qarabağ”, yaxud da "Qəbələ” topu” olmayıb”. Vay Allahım, 2024-cü ilə gəlib çıxmışıq, eşitdiyimiz sözə bax. Adam bilmir gülsün, ya ağlasın. Belə yerdə bir məşhur deyimi xatırlayırsan. Deyirlər ki, dünəninə görə sağ ol, görək sən bu gün nə edirsən?!

İndi biz də "Neftçi”nin bu gününə baxaq, görək həmin o tarixi keçmişə, xərclənən milyonlara, bu gün üçün fantastik büdcəyə uyğun "sənət əsəri” ortada varmı? Əvvəlki rəhbərliyinin səhvlərini bir kənara qoyuram. Sərgən Yalçının Bakıya uğursuz səfəri ilə başlayan yanlış addımlar hələ də davam edir. Ortada Mutu və onunla bərabər kluba gətirilən neçə-neçə faydasız əcnəbi var. Olanare mövsümün ilk yarısında azarkeşlərin dodağına gülüş qondururdu. Qış fasiləsində onunla yolları səssiz-səmirsiz ayırıblar, heç utandıqlarından ayrılığı rəsmən açıqlaya da bilmirlər. Tarixi ilə öyünən, özünü Azərbaycanın ən qocaman klubu sayan "Neftçi”nin heyətində bu gün necə yetirməsi var? Oyun olub ki, komandanın heyətində 2-3 yerli futbolçuya yer tapılıb. Onlar da "milliləşdirilmiş” Eddi İsrafilov, Filip Ozobiç, Rusiyadan gələn Emin Mahmudovla Azər Əliyev olub. 

Uğursuz futbolçu seçimləri, legionerlərə xərclənən milyonlar bir tərəfə. Klubun əcnəbilərə sevgisi, azərbaycanlılara etimadsızlıq məşqçi seçimində də "göz oxşayır”. Mutunun fiaskosundan sonra məşqçilər korpusuna bu dəfə soyadının sonluğu "iç”lə bitən əcnəbiləri doldurdular. Bir ətək pul xərclənən həmin o əcnəbilərin qarşısına da gümüş medal və ölkə kubokunun qazanmaq vəzifəsi qoyulub. Cənablar, "Qaraba”dan böyük xal fərqi ilə geridə qalıb, ikinci pilləni tutmaq elə də böyük hünər deyil. "Sabah”ın qürub edən günəşə çevrilməsinin fonunda çempionatda heç ciddi rəqib də qalmayıb. Gözünüzü dikdiyiniz o Azərbaycan kubokunu isə yerli mütəxəssislər Sənan Qurbanovla Ayxan Abbasov da qazana biliblər. Bunun üçün bir dəstə əcnəbi çalışdırıcı gətirməyə nə ehtiyac var?

"Neftçi” haqqında cavabsız suallar çoxdu. Legioner futbolçular, əcnəbi çalışdırıcılar bir dərddir. Kadr siyasəti ikinci. Hələ də bir izah tapa bilməmişik ki, klubda ən yaxşı işləyən kadrlardan sayılan Rüstəm Allahverdiyi niyə işindən küsdürüb, "Neftçi”dən uzaqlaşdırdılar? "Yaxşı olacaq” sloqanı yazıb, özünü gülünc duruma salanlar, "Sumqayıt”la oyunda "Neftçi”nin işığını söndürənlər indi klubun mətbuatla münasibətlərində söz sahibidilər. Ölkənin ən yaxşı idman şərhçilərindən, televiziya simalarından olan İsmayıl Abdullayevin də "Neftçi” TV-dən uzaqlaşması müəmmalı qalıb. 

Bərbad nəticələr, bərbad kadr siyasəti ortaya bu boyda acı reallıqlar çıxarmışkən durub "Neftçi” topu” haqqında rəvayət danışmaq heç də yaxşı görünmür, cənablar. Özünüz öz tarixinizə hörmət edin, azarkeşləri bu cür rəvayətlərlə ovundurmaqdan əl çəkin. 

Amal Abuşov