Dünya 19:59 06.02.2023

Norveç Ukraynaya beşillik 7 milyard dollarlıq yardım planını açıqladı

Norveç hökuməti Ukraynaya 75 milyard kron, yəni 7 milyard dollardan çox məbləğdə yardım üçün beş illik plan hazırlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq radiosu” məlumat yayıb.

Norveçin Baş naziri Yonas Qara Störenin sözlərinə görə, Ukrayna hər il 15 milyard kron tranş alacaq. 2023-cü ildə bu məbləğin yarısı hərbi ehtiyacların ödənilməsinə, digər yarısı isə humanitar yardıma yönəldiləcək.

Störe "Reuters"ə bildirib ki, bu, Norveç tarixində başqa bir ölkə üçün ən böyük yardım proqramıdır. O, həmçinin bildirib ki, maliyyə Ukrayna hökumətinin müəyyən etdiyi prioritetlərə uyğun olaraq bölüşdürüləcək, lakin korrupsiya təhlükəsinin qarşısını almaq üçün dövlət qurumlarına köçürülməsi şərt deyil. Beləliklə, humanitar ehtiyaclar üçün tranşlar birbaşa bu sahədə çalışan təşkilatlara köçürülə bilər.

Plan yaxın həftələrdə Norveç parlamenti tərəfindən təsdiqlənməlidir. Parlamentdə əsas müxalifət partiyası olan Mühafizəkarlar artıq layihəni dəstəkləyəcəyini açıqlayıb.

Qeyd edək ki, Norveç Avropada ikinci ən böyük neft istehsalçısıdır (Rusiyadan sonra). 2022-ci ildə Rusiya qazının tədarükü demək olar ki, sıfıra endiriləndən sonra o, Avropa İttifaqının ən böyük qaz tədarükçüsü oldu. Norveçin Milli Sərvət Fondu keçən il enerji ixracından 108 milyard dollar əldə edib ki, bu da 2008-ci ildəki əvvəlki rekorddan təxminən üç dəfə çoxdur.

Nizami Bağırov