Dünya 17:40 28.03.2024

NYT: ABŞ terror hazırlanması ilə bağlı bütün məlumatları Rusiyaya ötürməyib

ABŞ xüsusi xidmət orqanları kəşfiyyat mənbələrinin ifşa edilməsindən qorxaraq, Moskva vilayətində terror aktı təhlükəsi barədə bütün mövcud məlumatları təqdim etməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” (NYT) Avropa və ABŞ təhlükəsizlik xidmətlərinin rəsmilərinə istinadən məlumat yayıb.
 
Qəzetin yüksək rütbəli rəsmilərə istinadən yazdığı kimi, son aylar ABŞ "İslam Dövləti - Vilayət Xorasan” terror qruplaşmasının fəaliyyətini çox diqqətlə izləyir. Rəsmilərin sözlərinə görə, amerikalı əməliyyatçılar terror aktının hazırlanması ilə bağlı kifayət qədər konkret məlumat alıblar, lakin əvvəllər olduğu kimi, onu tam həcmdə Rusiya kəşfiyyat xidmətlərinə ötürməyiblər.

"The New York Times"ın bu cür xəbərlərinə çox ehtiyatla yanaşmaq lazımdır", - Rusiya prezidentinin sözçüsü Dmitri Peskov press-koll zamanı NYT-nın yazısını şərh edib.

Qeyd edək ki, FSB direktoru Aleksandr Bortnikov bundan əvvəl bildirib ki, martın əvvəlində Rusiyada terror aktının hazırlanması barədə ABŞ-ın ötürdüyü məlumat ümumi xarakter daşıyıb. Xüsusilə, FSB rəhbərinin sözlərinə görə, ABŞ-ın məlumatında terror aktının "Crocus City Hall”da planlaşdırıldığı göstərilməyib. Martın 7-də Böyük Britaniya və ABŞ səfirlikləri Moskvada terror aktı təhlükəsi barədə xəbərdarlıq ediblər.

Nizami Bağırov