Dünya 14:46 13.12.2023

NYT: BMT uğursuz investisiyalara görə keçmiş işçisindən 63 milyon dollar tələb edir

BMT rəhbərliyi işdən çıxarılan baş katibin müavini Vitali Vanşelboymdan uğursuz investisiyalara görə 63,6 milyon dollar ödəməyi tələb edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Bu işə görə BMT baş katibinin müavini Qrete Faremo istefa verib.

Baş katibin müavini və BMT-nin Layihə xidmətləri ofisinin rəhbəri Qrete Faremo və onun köməkçisi, Ukrayna vətəndaşı Vitali Vanşelboym britaniyalı sahibkar Devid Kendriklə əlaqəli şirkətlərə təxminən 60 milyon dollar sərmayə qoymaq qərarına gəliblər. Vitali Vanşelboym onunla ziyafətdə tanış olub.

Vanşelboym və Faremo hökumətlərdən və digər BMT agentliklərindən tikinti işləri üçün əlavə ödənişlər alıb və artıq qalan məbləği ingilis iş adamı ilə əlaqəli şirkətlərə, bərpa olunan enerji və mənzil layihələrini maliyyələşdirən sərmayə qoydular. Lakin BMT-nin auditi sərmayənin uğursuz olduğunu göstərib: sərmayənin yalnız 10%-ə yaxını geri qaytarılıb.

2022-ci ilin mayında Qrete Faremo araşdırmaya görə istefa verib. Vitali Vanşelboym 2022-ci ilin yanvarında işdən çıxarılıb. Daha sonra o, BMT-nin daxili məhkəmə sisteminə şikayət edərək bildirib ki, o, bir illik maaş məbləğində cərimələnib və üzərinə 63 milyon 626 min 806 ABŞ dolları məbləğində cərimə ödəməyə öhdəlik qoyulub. Vitali Vanşelboym pulu qaytarmasa, BMT əməkdaşı kimi pensiya ala bilməyəcək. 

Vitali Vanşelboyma qarşı işlərin çoxu bağlanıb. Əldə olan materiallarda BMT-nin onun cəriməsinin məbləğini necə hesabladığı açıqlanmır. 
Vitali Vanşelboym günahını etiraf etmir, həmçinin işdən çıxarılmasını və cərimələnməsini ləğv etməyi xahiş edir. İstefasından sonra Qrete Faremo yaratdığı investisiya proqramını bağlayıb və layihə xidmətləri departamentindən yığılan investisiyaları geri qaytarmağı tələb edib. 

Nizami Bağırov