Dünya 11:11 03.10.2022

NYT: Ukraynanın NATO-ya qəbulu "bir neçə ay və ya il çəkəcək"

Ukraynanın NATO-ya daxil olması prosesi bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. Nəşrin müsahibə verdiyi ekspertlərin fikrincə, ölkədə hərbi əməliyyatlar davam etdiyi bir vaxtda blok çətin ki, Ukraynaya qoşulmağa icazə versin.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times”ın məqaləsinə deyilir.

Qəzet xatırladır ki, Şimali Atlantika Alyansı Vaşinqton müqaviləsinin 5-ci maddəsində (bu maddədə deyilir ki, blokun üzvlərindən birinə hücum hamıya hücumdur) qeyd olunan kollektiv müdafiə prinsipinə sadiqdir.

ABŞ rəsmiləri daha əvvəl bildirmişdilər ki, Vaşinqton müəyyən tələblərə cavab verərsə, alyansa üzv olmaq istəyən istənilən Avropa ölkəsinin bunu edə biləcəyi "açıq qapı siyasətini” davam etdirməklə Kiyevin NATO-ya üzv olmaq istəyinə müdaxilə etməyəcək. Eyni zamanda ABŞ və Avropa müttəfiqləri Rusiya ilə münasibətlərin gərginləşməsindən ehtiyat edirlər. Qəzetə müsahibə verən analitiklərin fikrincə, ABŞ prezidenti Co Bayden "keçmişdə Ukraynanın üzvlüyünü dəstəkləməkdən çəkinirdi”.

Xatırladaq ki, daha əvvəl Rumıniya prezidenti Klaus İohannis Mərkəzi və Şərqi Avropadan olan NATO-ya üzv olan digər 7 dövlətin prezidenti ilə birlikdə Ukraynanın NATO-ya üzvlüyünə dəstək ifadə edən birgə bəyanat imzaladığını bildirmişdi.
 
Alpər