Sənət 18:53 26.04.2022

"Ölümsüzlər" Ağsuda (FOTO)

Ağsuda şair Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi "Ölümsüzlər” kitabının təqdimatı olub. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qaynarinfo AZƏRTAC-a istinadla xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva tədbiri açdıqdan sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində ölümsüzlüyə qovuşan şəhidlərimizin şücaətindən danışılıb.

Kitabın ön söz müəllifi, tanınmış şair Ağacəfər Həsənli "Ölümsüzlər” kitabı haqqında danışıb. Bildirib ki, 300 səhifəlik kitabda 100-ə yaxın şəhid haqqında məlumat, şeir və şəkillər yer alıb. Nəşrdə həm də Ağsudan olan şəhid Vüqar Quliyev haqqında məlumat yer alıb.

Ziyalı Tahir Xasi, şəhid Vüqar Quliyevin anası Könül Quliyeva "Ölümsüzlər”i ərsəyə gətirən şairə təşəkkürlərini bildirib, gələcək yaradıcılığında uğurlar arzulayıblar.

Sonda şair Elşad Barat təqdimatın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.