Amal Abuşov
İdman 11:10 16.12.2023

Olmaz olsun belə "Sabah"

Təxminən ay yarım bundan əvvəl "Sabah” doğma meydanda "Zirə”ni qəbul edirdi. Bəli, hazırda davam edən mövsümün ən qalmaqallı qarşılaşmalarından biri bu oyun oldu. Tural Qurbanovun rəhbərlik etdiyi hakimlər briqadası Masazırdakı görüşə "damğa” vurmağı bacardı.

Emmanuel Apehə qarşı ədalətsiz davranan referi "ikili standartlar” tətbiq etmiş, "Sabah”ı azlıqda qoymuşdu. Yekunda 0:1 hesabıyla məğlub olən meydan sahibləri xeyli yüksək tonda etiraz səsini ucaltmış, konkret faktlarla, müqayisəli videolarla hakimlər tərəfindən haqsızlığa uğradığını isbatlamağa çalışmışdı. Siz də baş verənləri yaxşı xatırlayırsız. Etiraf etmək lazımdı ki, "Sabah” bu etirazlarında haqlı idi. Həm qarşılaşmanı canlı izləyənlər, həm də oyundan sonra epizodlarla tanış olanlar "Sabah”a haqq verdi, klubun mövqeyinin doğru olmasıyla razılaşdı. Düzdür, heç kim təminat verə bilməzdi ki, "Sabah” azlıqda qalmasaydı, "Zirə”ni məğlub edəcəkdi. Çünki zirəlilər bu mövsüm yaxşı çıxış edir, ən əsası nəticə qazanmağı bacarır. Praqmatik oyun üslubuna üstünlük verən Rəşad Sadıqov komandasında etibarlı müdafiə xətti qurmağı bacarıb. Məhz bu səbəbdən "Sabah”ın "Zirə”nin qapısına yol tapıb-tapmayacağını demək çətindir.

Zənnim məni yanıltmırsa, bu qarşılaşma "Sabah”ın cari mövsümdə hakimlikdən ən çox şikayətləndiyi oyundur. Qalan görüşlərdə Masazır təmsilçisinin əleyhinə yol verilən ciddi hakim səhvləri ilə qarşılaşamamışıq. Daha doğrusu, hakimlər "Sabah”ın iştirakıyla keçirilən oyunlarda bilavasitə nəticəyə təsir edə biləcək səhvə yol verməyiblər. "Sabah”ın qapısına haqsız penalti təyin olunubsa, yaxud komandanın vurmalı olduğu penaltiyə göz yumulubsa, Masazır təmsilçisinə könül verən futbolsevərlər məni üzrlü saysınlar. Ola bilsin ki, yaddaşım bir qədər korlanıb. Sözümün canı bu deyil.

Hazırda davam edən mövsümün 17-ci turunun oyunları oynanılır. Bu tur yekunlaşacaq, ondan sonra komandalar hərəyə bir dəfə meydana çıxacaqlar. Bununla da futbolumuz "qış yuxusu”na gedəcək. "Qış yuxusu” həm də o deməkdir ki, mövsüm yarılanacaq, Premyer Liqa iştirakçıları bir-biri ilə ikinci dəfə güclərini sınamış olacaqlar. Bu nəticələr həm də çempionatın gedişi, komandaların gücü haqda müəyyən fikirlər yürütmək üçün yetərlidir. 17 turdan sonra "Sabah” 7-ci pillədədir. "Turan Tovuz” "Sabah”dan bir oyun az keçirsə də, bu turdakı nəticə qərb təmsilçisinin bir pillə irəliləməsi üçün yetərli olmayacaq. Yəni, "Sabah” ikinci dövrənin son turuna 7-ci pillədə daxil olacaq. Rusiyalı mütəxəssis Murad Musayevin çalışdırdığı komanda keçirdiyi 17 oyunda cəmi altı qələbə qazanıb. Dörd oyun "sülh”lə nəticələnibsə, yeddi qarşılaşmada "Sabah” meydanı məğlub tərk edib.

17 oyuna yeddi məğlubiyyət yetərincə böyük rəqəmdir. Yaxşı, "Zirə”ylə oyunu bir kənara qoyuram. Qalan 6 qarşılaşmada nə baş verib? Bu görüşlərdəki məğlubiyyətləri kimin ayağına yazaq? Həmin məğlubiyyətlərin arasında "Turan Tovuz”a doğma meydanda 0:3 hesablı yenilgi də var. Hələ mən "Kəpəz”lə görüşdəki məğlubiyyətə bənzər heç-heçəni demirəm. Bu nəticələrin qeydə alınmasında hakimlərin heç bir rolu olmayıb. Tam səmiyyətimlə və qətiyyətimlə deyirəm. "Sabah” son turda "Araz Naxçıvan”a demək olar ki, müqavimətsiz təslim oldu. Boyan Letiçin 40-cı dəqiqədə vurduğu avtoqol ağıllarda xeyli sual işarəsi buraxdı. Bilmək olmadı ki, "Sabah”ın legionerinin bacardığı budur, yoxsa bir anlıq özünü rəqibin cərimə meydançasında hiss edən Letiç qapıların yerini həqiqətən də səhv saldı. Bu yerdə onu da xatırladım ki, rusiyalı Murad Musayevin çalışdırdığı "Sabah” azərbaycanlı Azər Bağırovun komandasıyla, yəni "Araz Naxçıvan”la keçirdiyi ikinci görüşdə də qələbə qazana bilmədi. Rəqiblərin ilk dövrədə Masazırda keçirdiyi görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Özü də hesabı açan "Araz Naxçıvan” olmuşdu.

Detlallar üzərində xeyli var-gəl edib, "Sabah”ın uğursuzluğunu şərtləndirən səbəbləri axtara bilərəm. Amma bunu klub rəhbərliyi və Murad Musayev özü etsə yaxşı olar. Xeyli sayda legionerə qulaq açan, bu legionerlərin gəlişinə milyonlar xərcləyən "Sabah”ın uğursuzluğunda həm klub rəhbərliyi, həm də Musayev məsuliyyət daşıyır. Ortaya çıxardıqları əsər də, yəni "Sabah” da budur. Görəsən, özləri harda səhv etdiklərini bilirlərmi?!

Amal Abuşov