Siyasət 14:06 07.02.2024

“Oracle Advisory Group”: İlk dəfə olaraq Qarabağ bölgəsində də “exit-poll” həyata keçiririk (FOTO)

Biz ABŞ-nin "Oracle Advisory Group” təşkilatı olaraq Azərbaycanda indiyə qədər beş seçkidə fəaliyyət göstərmişik, "exit-poll”ar həyata keçirmişik.

Qaynarinfo xəbər verir ki, bunu apa-ya açıqlamasında növbədənkənar prezident seçkilərində "exit-poll” keçirən ABŞ-ın "Oracle Advisory Group” təşkilatının tərəfdaşı Vlada Qalan deyib.

O bildirib ki, bu seçkilər çərçivəsində ölkə ərazisi üzrə 40 dairədə və 500 seçki məntəqəsində "exit-poll” keçirməyi nəzərdə tutublar: "Exit-poll”un nəticələri bu gün seçkilər başa çatdıqdan - saat 19:00-dan sonra elan ediləcək. Bir nüansı qeyd etmək istəyirəm ki, biz ilk dəfə olaraq Qarabağ bölgəsində də "exit-poll” həyata keçiririk. İşğaldan azad olunmuş ərazilər üzrə 6 seçki məntəqəsində "exit-poll” həyata keçirilir ki, bu, bizim üçün də tarixi məqamdır”.

Vlada Qalanın sözlərinə görə, seçki ilə bağlı əhval-ruhiyyə inanılmaz dərəcədə optimistdir: "Bildiyiniz kimi, biz seçkiqabağı sorğu keçirmişdik və seçkiqabağı sorğuda Prezidentə böyük dəstək ifadə olunmuşdu ki, bu da sürpriz deyil, Qarabağda qələbəyə və torpaqların azad edilməsinə görə belə inanılmaz müsbət mühit var”.
"Exit-poll”la bağlı hazırlığa gəlincə, Vlada Qalan vurğulayıb ki, bu, kifayət qədər rəvan proses olub, lakin vaxta görə komanda ilə çox sürətlə iki təlim keçirilib: "Bu, həmişə vaxt aparan prosesdir. ABŞ-dan olan komandamız burada yerli komanda ilə təlimlər keçirdi. Bu proses hər zaman ən uzun sürən prosesdir, ancaq biz bunu zamanında tamamladıq. Biz bütün ölkəyə komanda yerləşdirmişik, ən vacibi isə Qarabağda komandamız var. 30 nəzarətçimiz və 1000-dən çox müsahibə götürən əməkdaşımız var, çox böyük komandadır. Məlumat mərkəzində isə 20-dən çox nəzarətçimiz və 40 məlumat analitikimiz fəaliyyət göstərir”.