Siyasət 14:56 28.09.2022

Paris Paşinyanın ümidlərini doğrultmadı - Ekspert

Sentyabrın 27-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib. 

İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar. 



Politoloq Əlimusa İbrahimov Qaynarinfo-ya açıqlamasında öncə Paşinyanın Makronla görüşünə işarə vuraraq qeyd edib ki, Ermənistan baş nazirinin həmin görüşə olan ümidləri özünü doğrultmayıb: 

"Öncə ondan başlayaq ki, Ermənistan baş naziri Nikol Paşinyanın tələsik Parisə çağırılmasından məqsəd nə idi? İrəvanda bunu Azərbaycanla Ermənistan arasında baş verən son hadisə ilə əlaqədar Makronun bu ölkəyə dəstəyini ifadə etməsi kimi qiymətləndiriblər. Ermənistanda belə düşünürdülər ki, ABŞ Nümayəndələr Palatasının spikerinin demarşından sonra Fransadan da Azərbaycanın əleyhinə və Ermənistanın müdafiəsinə ünvanlanmış ifadələr səsləndiriləcək, bununla da İrəvanın dayağı daha da möhkəmlənəcək. Bununla Ermənistana Azərbaycana qarşı təxribatçı hərəkətlərini davam etdirmək üçün yeni stimullar veriləcək. Amma Yelisey sarayına ayaq basan kimi ermənilərin və Paşinyanın ümidləri puç oldu. Çünki Makron gözlənilmədiyi halda, Azərbaycan və Ermənistanı danışıqlar prosesini davam etdirməyə çağırdı, Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğuladı. Makron-Paşinyan göğrüşünün əsas nüansının da elə bu olduğunu düşünürəm. 



Makronun Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin apardığı müzakirələrin davam etdirilməsinə yardım etmək üçün Paşinyanı Parisə çağırdığını düşünürəm. Fransada və ümumilikdə Avropa İttifaqında indiki halda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinin alternativinin olmadığını düşünürlər və Amerika Birləşmiş Ştatlarının apardığı siyasətin nəticə verməyəcəyi qənaətindədirlər. Makron həm də, Pelosinin bəyanatlarının yaratdığı gərginliyi yumşaltmaq missiyasını yerinə yetirib və Paşinyana Amerikaya bel bağlamağın yaxşı nəticələnməyəcəyini anlatmağa çalışıb”.

Makronun Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsinə gəlincə, ekspert bildirir ki, bu zəng Fransa Prezidentinin Paşinyanla keçirdiyi görüş haqqında qarşı tərəfə hesabat vermək səciyyəsi daşıyıb. Digər tərəfdən, Əliyevə etdiyi zənglə Makron Paşinyanın onunla görüşdə toxunduğu məqamların həqiqətə nə qədər yaxın olub-olmadığını öyrənmək istəyib:

"Azərbaycan Prezidenti şübhəsiz ki, Ermənistan baş nazirinin canfəşanlığına qarşı tutarlı dəlillərlə cavab verib və Makronu cərəyan edən proseslər barədə məlumatlandırıb. Paşinyanın Fransa səfərindən sonra münasibətləri gərginləşdirəcək bəyanatlardan qaçması da onun Parisdə istədiyi məqsədə çatmadığını göstərir”.

Rüfət Sultan