Siyasət 13:33 11.07.2023

Partiyalarda canlanma: Sənədlər nazirliyə təqdim edilib

Azərbaycan Milli İstiqlal Partiyası "Partiyalar haqqında qanun"un tələblərinə uyğun olaraq üzvləri il bağlı siyahını Ədliyyə Nazirliyinə təqdim edib.
 
Bu barədə Qaynarinfo-ya partiyanın sədri Arzuxan Əlizadə məlumat verib. Sədr bildirib ki, partiya quruma 10 min üzvü əhatə edən siyahı ünvanlayıb. 

Ümid Partiyasının sədri İqbal Ağazadə qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə göndərilən siyahıda 5 min üzv olduğunu bildirib: 

"Üzvlərimizin sayı çoxdur, amma biz qanunun tələb etdiyi qədər üzv siyahısı tərtib etdik”. 

Böyük Azərbaycan Partiyası 7388 nəfər üzv siyahısı ilə Ədliyyə Nazirliyinə müraciət edib. Partiya sədri Elşad Musayev rəhbərlik etdiyi qurumun elə bu qədər üzvü olduğunu vurğulayıb. 

Vətəndaş Həmrəyliyi Partiyası da iyulun 5-də qeydiyyatla əlaqədar sənədlərini Ədliyə Nazirliyinə təqdim edib. Partiyanın icra aparatının rəhbəri Samir Əsədlinin sözlərinə görə, siyahı 82 rayonu əhatə edir: 

"10 minə yaxın partiya üzvünün adını reysterə daxil edib, sənədləri Ədliyyə Nazirliyinə ünvanladıq". 

"Vəhdət” Partiyası qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə 11788 üzv siyahısı göndərib. Partiyanın Baş Məclisinin sədri Fəxrəddin Ağazadə siyahının 63 rayondan tərtib edildiyini də qeyd edib. 

Bahar Rüstəmli