Siyasət 16:20 21.01.2023

Paşinyan Davosa niyə getmədi? (ŞƏRH)

"Paşinyan Davosa investorların Ermənistanla maraqlanmaması və orada tənqid atəşinə tutula biləcəyi ehtimalı səbəbindən getməyib”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistan baş naziri Nikol Paşinyanın Cənubi Qafqazın digər iki ölkə liderlərindən fərqli olaraq Davos İqtisadi Forumunda iştirak etməməsinin səbəbindən danışarkən deyib. Politoloq bildirib ki, hazırda Ermənistanın xarici əlaqələri heç də ürəkaçan deyil:
 


"Davosa ciddi iqtisadi nailiyyətlər əldə edən dövlətlərin liderləri iştirak edir. Onlar bu kimi tədbirlərdə iştirak edib, öz ölkələrinin iqtisadi baxımdan inkişafı üçün müəyyən nəticələr əldə etməyi qərarlaşdırırlar. Amma hazırda Paşinyanın rəhbərlik etdiyi Ermənistanın xarici əlaqələri heç də ürəkaçan deyil. Ermənistan indi beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətdədir. Xarici investorlar bu ölkəyə sərmayə yatırmaqda maraqlı deyillər. Ona görə də Paşinyan indiki halda xaricə çıxıb, mühüm beynəlxalq tədbirlərə qatılmaqla müəyyən məsələləri həll etmək imkanında deyil. 

Həmçinin, onun Davosa getməməsi göstərir ki, İrəvanın əlində ölkəsinə investorları cəlb etmək üçün yenə də gözçarpan layihələri yoxdur. Digər tərəfdən, artıq dünya dövlətləri Bakı ilə İrəvan arasında münasibətlərin gərginləşməsində məhz Ermənistanın günahkar olduğunu görür və bilirlər. Davosdakı tədbirdə Paşinyan bu istiqamətdə ona müəyyən irad və tənqidlərin olacağını bildiyindən, onları eşitməmək üçün görüşə qatılmayıb”. 

Qeyd edək ki, Cənubi Qafqazın digər iki ölkəsinin rəhbəri - Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davos Forumunda iştirak edib.

Rüfət Sultan