Dünya 15:43 19.01.2024

Paşinyan: "Ermənistana yeni konstitusiya lazımdır"

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə yeni konstitusiya qəbul edilməlidir. O, bu təklifi dünyada və regionda baş verən dəyişikliklərlə izah edib.

Qaynarinfo xəbər verir ki, onun sözlərini Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

"Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, konstitusiyaya düzəlişlər yox, yeni konstitusiya. Üstəlik, vurğulamaq istəyirəm ki, adətən bu mövzudan danışarkən ilk suallar yaranır: biz hansı idarəetmə sistemini və kimə görə dəyişmək istəyirik?", deyə Paşinyan ölkənin Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşdə deyib. 

Baş nazir əlavə edib ki, ölkədə idarəetmə forması parlamentli respublika qalacaq. Onun sözlərinə görə, bu, Ermənistanın demokratik istəklərini nəzərə alır və ən əlverişlisidir.

Nikol Paşinyan diqqəti yeni konstitusiyanın xalq tərəfindən səsvermə yolu ilə qəbul etməli olduğuna çəkib. Onun mətni Ermənistanı "yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli” edəcək müddəaları əks etdirməlidir.

Siyasətçi bu təklifinə səbəb kimi dünyada, o cümlədən Cənubi Qafqaz regionunda baş verən dəyişiklikləri göstərib. "Təkamül haqqında nə hiss etməyimizdən asılı olmayaraq, bu baş verir. Ona görə də bizim mövqeyimiz və yanaşmamız bu təkamülü dayandırmaq yox, Ermənistanın dövlət maraqlarına uyğun idarə etmək olmalıdır”, deyə Paşinyan əlavə edib.

Nizami Bağırov