Dünya 20:30 29.02.2024

Paşinyan korrupsiya cinayətlərində ittiham edildi - Prokurorluğa şikayət verilib

Milli Müqəddərat Partiyasının lideri Paruyr Hayrikyan 12 siyasi qüvvə adından Ermənistanın baş naziri Nikol Paşinyanın korrupsiya pozuntuları ilə bağlı Baş Prokurorluğa şikayət göndərib. 

Qaynarinfo Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bunu Paşinyanın istefası tələbi ilə "Birgə" hərəkatının təşkil etdiyi mitinqdə deyib.

"12 siyasi qüvvə mənə Nikol Paşinyanın korrupsiya əməllərinə dair sübutları Baş Prokurorluğa göndərmək səlahiyyəti verib", deyə Hayrikyan bildirib.

O əlavə edib ki, şikayət fevralın 21-də verilib.

Hayrikyan Paşinyana qarşı ciddi ittihamlar səsləndirərək iddia edib ki, baş nazir cinayət sxeminə rəhbərlik edir, bunun sayəsində son 4 ildə dövlət xəzinəsindən 200 milyon dram (təxminən 500 min dollar) oğurlanıb. O, konstitusiya islahatı layihəsinin icrası ilə bağlı nizamnamələrin sistematik şəkildə pozulmasını qeyd edib. Onun sözlərinə görə, bu aktlar ən azı 4 dəfə pozulub və 2023-cü ilin iyununda təqdim edilməli olan layihənin özü hələ də rəsmi şəkildə dərc edilməyib.

Siyasətçinin sözlərinə görə, 15 nəfər mütəmadi olaraq təxminən 700 min dram (təxminən 1,7 min dollar) məbləğində aylıq ödənişlər almağa davam edir. O, bunu mütəşəkkil korrupsiyanın növbəti sübutu kimi görür.

Hayrikyan bir həftə sonra saat 16:30-da Baş Prokurorluğun binası qarşısına toplaşmaq üçün çağırış edib. Mitinqin əsas məqsədi Nikol Paşinyanın saxlanılması və sonradan həbsi tələblərini irəli sürməkdir.

Xatırladaq ki, konstitusiya islahatlarının hazırlanması komissiyası 2019-cu ilin dekabrında Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə yaradılıb. Onun məqsədi hökumətin 2019-cu il dekabrın 10-da təsdiq etdiyi 2019-2023-cü illər üçün məhkəmə-hüquq islahatları Strategiyasına uyğun olaraq konstitusiya dəyişikliklərinin hazırlanması olub.

Nizami Bağırov