Siyasət 19:45 20.01.2024

Paşinyan Kremlə təslim olmağa hazırlaşır? (ŞƏRH)

"Paşinyanın Rusiyaya təslim olmasının əlamətlərini görmürəm".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev ABŞ-ın Müharibələri Araşdırma İnstitutunun Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya "baş əyməyə" hazırlaşdığı barədə təhlilini şərh edərkən deyib.

Ekspert bildirib ki, Ermənistanda Rusiyanın təsir və təzyiq imkanları çox güclüdür:

"Paşinyanın Avropa inteqrasiyası ideyasından əl çəkdiyini düşünmürəm. Amma o, başa düşür ki, bu, uzun və ağrılı proses olacaq. Ona görə də ehtiyatla davranır. Paşinyan Avropadan gözlədiyi köməyi də ala bilmir. Müəyyən maliyyə və siyasi dəstək heç də hər şeyi dəyişmir. Ona görə də Ermənistanın təhlükəsiz inkişafını təmin etməyin yolu Azərbaycan və Türkiyəyə yaxınlaşmaqdan keçir. Belə görünür ki, indiki mərhələdə İrəvan Ankara və Bakıya yaxınlaşmaq istiqamətində daha ciddi addımlar atacaq. Amma Avropaya yaxınlaşmaq və Rusiyadan uzaqlaşmaq siyasətindən də əl çəkməyəcək. Paşinyanın yürütdüyü siyasətdə taktiki dəyişikliklər, diversifikasiyanın gücləndirilməsi baş verir".



Lavrovun İrəvanın Zəngəzur dəhlizində Rusiya sərhədçilərinin olmasını istəmədiyi barədə açıqlamasına gəlincə, həmsöhbətimizin fikrincə, Moskva ortaq rəy tapmaq və dəhlizə özünün nəzarət etməsi üçün daha yumşaq formalara razılıq verə bilər:

"Lavrovun həmin bəyanatı da onun nişanəsidir. Bəllidir ki, Ermənistan dəhlizin Rusiyanın tam nəzarətinə verilməsinə son həddə qədər qarşı çıxacaq. İrəvan çalışır ki, Rusiyanın əlindəki rıçaqları zəiflətsin. Lakin unutmayaq ki, hələlik Moskvanın Ermənistana təsir etmək imkanları çoxdur. Bunu Paşinyan da başa düşür". 

Qeyd edək ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu son təhlilində Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında əsas vasitəçiyə çevrilməyə və Moskva-Bakı-İrəvan üçtərəfli danışıqlar formatına qayıtmağa çalışdığını bildirib. Araşdırma Mərkəzi Rusiya mənbələrinə istinadən hesab edir ki, Lavrovun müavini Qaluzinin İrəvanın Moskvadakı səfiri Arutyunyanla görüşü Ermənistan baş nazirinin təslim olmaq və Moskvanın önündə baş əymək istəyinin sübutudur. Eyni zamanda, Rusiya XİN-in şefi Sergey Lavrov bildirib ki, Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin Sünikdə yerləşdirilməsini istəmir. 

Rüfət Sultan