Dünya 14:45 14.01.2023

Paşinyan Türkiyə ilə barışmaq istəyir? – Politoloq

"Ərdoğanla Paşinyanın birbaşa danışıqları mümkün və realdır. Ancaq bunun üçün Ermənistanın dağıdıcı və prosesləri sabotaj edəcək siyasətindən imtina etməlidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan baş naziri Nikol Paşinyanın son mətbuat konfransında özünün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlara getmək istəyi və belə bir təmasın vacibliyini vurğulamasına münasibət bildirərkən deyib:
 
"Birbaşa təmasların olmamasının nəticəsidir ki, Türkiyə ilə Ermənistan arasındakı proses çox ləng gedir. Türkiyə həm də İrəvana anladır ki, münasibətlərin tənzimlnməsində Azərbaycanı gözardı etmək mümkün deyil. Əsas şərt Azərbaycanla sülh müqaviləsindən keçir. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, onun yolu əlbəttə ki, Ankara və Bakı ilə normal münasibətlər qurmasından keçir. Dünya gücləri Ermənsitanın söz demək hüququnu tanımayıb. Bu ölkə bütün zamanlarda Rusiyanın vassalı olub. Ermənistana bu gün regionda söz haqqı tanımaq istəyən iki dövlət var-Türkiyə və Azərbaycan. Ona görə də, Ermənistanın qurtuluşu regionun həlledici dövlətləri olan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaqdan keçir. Çıxış yolu formulu budur”. 

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan son mətbuat konfransında İrəvan və Ankaranın təkcə danışıqlar aparmaq deyil, prosesin dinamikasını artıran konkret addımlar atmalı olduğunu da dilə gətirib. Paşinyan hər iki ölkənin xüsusi nümayəndələrinin fəaliyyətinin vacibliyini, Ərdoğanla birbaşa danışıqların əhəmiyyətini vurğulayıb və yaxın vaxtlarda sərhədlərin açılacağına ümid etdiyini qeyd edib. 

Rüfət Sultan