Dünya 15:59 22.01.2024

Paşinyan yeni seçkilərə gedir? (ŞƏRH)

Ermənistan mediasının məlumatına görə, baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Bildirilir ki, baş nazir ölkəni, hökumət və parlamenti Rusiyayönümlü şəxslərdən xilas etmək, onları özünə sadiq insanlarla əvəzləmək üçün bu addımı atmağa çalışır.
 
Qaynarinfo-ya açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, indiki mərhələdə Paşinyan növbədənkənar parlament seçkilərinə deyil, yeni Konstitusiya ilə bağlı referenduma hazırlaşır. Bu mənada, həmsöhbətimizə görə, növbədənkənar parlament seçkisi ideyası erməni müxalifət mətbəxindən ortaya atılıb:
 

 
"Əvvəlki illərlə müqayisədə Paşinyanın nüfuzu azalsa da, bunu keçən ilin sentyabrında Yerevan mer seçkisində müşahidə etdik, o, Rrusiyayönümlü Koçaryan və Sarkisyanla müqayisədə daha nüfuzludur. İki gün bundan öncə Paşinyanın ölkədə yeni Konstitusiyanın qəbulunun vacibliyini vurğulaması fonunda isə referendumun keçirilməsi gözlənilir. Ona görə də referendumdan öncə növbədənkənar parlament seçkilərinin keçirilməsinin Paşinyanın planlarına daxil olduğunu düşünmürəm. 

Bu ideya böyük ehtimalla erməni müxalifətinin istəyidir ki, ortaya atılıb. Yeni Konstitusiya ideyası Ermənistanın Rusiyayönümlü qüvvələrində kifayət qədər fəallıq yaratdığından, onlar növbədənkənar seçki ilə Paşinyanın mövqeyinin daha da zəifləyəcəyi qənaətində olduqlarından bu ideyanı gündəmə gətiriblər. Paşinyanın hazırkı komandasında ona qarşı olan qüvvənin olduğunu da görmürük. Onun komandası daxilində nüfuzu yüksək olaraq qalır. Ona görə də hər hansı bir məmurun Paşinyandan imtina edərək, Rusiyaya tərəf meyllənməsi hazırkı mərhələdə gözlənilmir. Gələcəkdə belə vəziyyətin baş verib-verməməsini isə həmin proseslərin xarakteri müəyyən edəcək”. 

Rüfət Sultan