Siyasət 15:45 26.03.2024

Paşinyanın 4 kəndlə bağlı açıqlaması: "Reallığı qavramağa başlayıb" (ŞƏRH)

"Azərbaycan hakimiyyəti tərəfindən göstərilən 4 kəndin nəzarətə götürülməsi tamamilə mümkün və realdır. Çünki həmin 4 kənd bilavasitə Azərbaycana aiddir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın 4 yaşayış məntəqəsinin sahiblərinə qaytarılacağı barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Qulamhüseyn Əlibəyli bildirib ki, Azərbaycan hakimiyyəti istənilən an həmin kəndləri tam şəkildə nəzarətə götürə bilər:

"Buna Azərbahycanın tam hüququ çatır. Qanunlar, o cümlədən beynəlxalq hüquq buna əsas verir. Onu da nəzərə alaq ki, imzalanan üçtərəfli bəyanatda Ermənistan 4 deyil, 8 kəndin Azərbaycana qaytarılmasını öhdəsinə götürüb. Bu, İrəvanın beynəlxalq öhdəliyidir. Bunun üçün də üçtərəfli bəyanatda hansısa qeyd-şərt, müzakirələr nəzərdə tutulmayıb. Sadəcə olaraq, Ermənistan həmişə olduğu kimi müxtəlif bəhanələrdən istifadə edir".



Ekspert vurğulayıb ki, Paşinyan artıq reallığı qavramağa başlayıb:

"İndi öz vətəndaşlarına da həmin reallığı təlqin etmək istəyir. Azərbaycan istənilən zaman 8 kənd daxil olmaqla öz ərazilərini tam şəkildə azad edə bilər. Buna onun hərbi gücü də çatır. Müharibə başlasa növbəti dəfə Ermənistan ağır fəlakətli nəticə ilə üz-üzə qalacaq. Nə Hindistandan gətirilən silahlar, nə Fransadan gələn mülki adlandırılan hərbçilər Ermənistana kömək edə bilməyəcək. Ona görə də Ermənistan həmin kəndləri qaytarmalıdır və bu tamamilə realdır". 

Qeyd edək ki, ötən cümə günü axşam saatlarında Ermənistanın baş nazir Nikol Paşinyan Milli Assambleyada "Vətəndaş paktı” fraksiyasının deputatları ilə növbəti qapalı görüşü keçirib. Nikol Paşinyan açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O, kobud şəkildə eyham vurub ki, yaxın günlərdə üçüncü ordu korpusu həmin ərazilərdən çıxarıla, Azərbaycanın 4 yaşayış məntəqəsi öz sahiblərinə qaytarıla bilər. Əks halda Azərbaycan müharibə ilə qalib gələcək. 

Bəzi deputatlar bildiriblər ki, kəndləri bu yolla yox, müharibə yolu ilə vermək daha yaxşıdır, çünki birinci halda xalqın etirazı ola bilər. Paşinyan bildirib ki, o, belə yolu istəmir, çünki Azərbaycan nəinki hərbi yolla mənsub olduğu əraziləri ala bilər, hətta Loriyə, İrəvana da çatar. Çıxış edən deputatlar prosesin proporsionallıq prinsipi ilə aparılmasını təklif ediblər. Ancaq Nikol Paşinyan çarəsiz halda etiraf edib ki, onlar Azərbaycana məsələni bu yolla həll etməyi təklif ediblər, lakin müsbət cavab alacaqlarına ümid etmirlər. 

Rüfət Sultan