Siyasət 17:54 09.09.2023

Paşinyanın "telefon diplomatiyası": İlham Əliyevlə danışıqlar aparmaq istəyir

Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığın növbəti yüksəlişinin qarşısını almaq üçün Azərbaycan prezidenti İlham Əliyevə "təcili” danışıqlar aparmağı təklif edib.

Paşinyan bu təklifi Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı səsləndirib. O, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ "təmas xəttində” gərginliyin artması fonunda adıçəkilən liderlərə zəng edib. Bu barədə "Azadlıq” radiosunun erməni bölümünün ingilisdilli saytı xəbər yayıb. 

"Baş nazir Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib”, deyə hökumətin Makronla görüşünə dair cümə günü axşam saatlarında baş tutan bəyanatda deyilir. 

Paşinyan həmçinin Makronun iştirakı ilə Əliyevlə 2022-ci ilin oktyabr və 2023-cü ilin may aylarında keçirdiyi görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib.

Paşinyanın ofisi onun Şolts və Raisi ilə ayrı-ayrılıqda söhbətinin mətnini də yayıb. Hər 3 mətn son dərəcə oxşardır. Fransa və Almaniya liderlərinin Paşinyana "bölgədə sülh və sabitliyin bərqərar edilməsi üçün səylərini” davam etdirəcəklərinə söz veriblər. Paşinyanın istədiyi Əliyevlə yeni təmas qurmağa cəhd edib-etməyəcəyi bəlli deyil.

Cümə günü Azərbaycanın üç yüksək rütbəli rəsmisi Bakıda yerləşən xarici diplomatlarla görüşərək Ermənistanı hərbi təxribatları gücləndirməkdə, sülh danışıqlarını imitasiya etməkdə və Qarabağda "separatizmi” qızışdırmaqda ittiham ediblər. 

Qeyd edək ki, Paşinyan bu gün həmçinin ABŞ dövlət katibi Entoni Blinken və Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə də danışaraq, oxşar çıxışlar edib.

Elbəyi Həsənli, Sürix