Dünya 19:16 25.12.2023

Paşinyanla Putin arasında təkbətək görüş olacaq? - Peskovdan açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində və MDB dövlət başçılarının qeyri-rəsmi görüşü zamanı ünsiyyət qura biləcəklər. 

Qaynarinfo xəbər verir ki, görüşlər Sankt-Peterburqda baş tutacaq.

"Vladimir Putin və Nikol Paşinyan arasında təkbətək danışıqlar planlaşdırılırmı" sualına cavab olaraq mətbuat katibi deyib: "Onların qarşıdan gələn hadisələrlə bağlı kənarda ünsiyyət qurmaq imkanı olacaq".

Bu gün səhər saatlarında məlum olub ki, Paşinyan iki günlük işgüzar səfərlə Sankt-Peterburqa yollanıb. O, bu səfər çərçivəsində Aİİ sammitində və MDB dövlət başçılarının görüşündə iştirak edəcək.

Aİİ sammiti bu gün, dekabrın 25-də baş tutacaq. Sammitdə Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emomali Rahmon, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Belarus prezidenti Aleksandr Lukaşenko da iştirak edəcək. Dekabrın 26-da MDB-yə üzv dövlətlərin dövlət başçılarının qeyri-rəsmi görüşü baş tutacaq.

Noyabrın 23-də Minskdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçirilib. Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya KTMT sammitinə gəlməyəcəyini bildirib. Oktyabrda Paşinyan MDB-nin Bişkek sammitini də buraxmışdı. 

Kreml Ermənistan baş nazirinin Minskə səfər etməmək qərarından təəssüfləndiyini bildirib. Bundan əvvəl Paşinyan KTMT-nin Ermənistanda "məsuliyyət sahəsini düzəltməkdən” imtina etdiyi barədə fikir bildirib. Eyni zamanda o qeyd edib ki, Ermənistan təşkilatdan çıxmaq üçün zəmin hazırlamır.

Aydın